Şəki Regional Elmi Mərkəzdə növbəti Elmi Şura iclası keçirilib
Sen 30, 2025 | 03:00
30 sentyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin növbəti Elmi Şura iclası keçirilib.
İclasda 13 nəfər Elmi Şura üzvü, elmi işçilər iştirak ediblər.
Şəki Regional Elmi Mərkəzin direktoru, fiz.ü.f.d.,dos. Yusif Şükürlü iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib, gündəlik səsə qoyularaq qəbul edilib.
Sonra direktor Azərbaycan Respublikası Prezidentinin "Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında" 05 iyul 2025-ci il tarixli Sərəncamının icrası ilə bağlı AMEA Rəyasət Heyətinin 10 sentyabr 2025-ci il tarixli 16/4 nömrəli qərarını iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycan elm tarixinin Nobel mükafatına ən yaxın namizədi olan akademik Yusif Məmmədəliyevin yubileyinin qeyd edilməsi Prezident İlham Əliyevin elmin inkişafına olan qayğı və diqqətinin nəticəsidir.
"AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bazasında "Gənclər Akademiyası"nın yaradılması haqqında AMEA Rəyasət Heyətinin 10 sentyabr 2025-ci il tarixli qərarı" ilə Şəki Regional Elmi Mərkəzin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirinov iştirakçıları tanış edib. Qeyd edib ki, qərara əsasən yaşı 35-ə qədər olan gənclərdən ibarət tərkibin yaradılması nəzərdə tutulur və Şəki REM-də belə gənclərin sayı 12 nəfərdir. O, Şuranın tərkibində təşkil ediləcək Gənclər Akademiyasında gənclərin elmi fəaliyyətinin məhsuldar olması istiqamətində lazımi işlərin görüləcəyini nəzərə çatdırıb.
Daha sonra Sənədlərlə iş şöbəsinin rəhbəri Sevinc Hüseynova "AMEA-nın 80 illik yubileyinə həsr olunmuş "Humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnologiyalardan istifadə imkanları" mövzusunda gənc tədqiqatçıların məqalə müsabiqəsinin keçirilməsi haqqında" AMEA Rəyasət Heyətinin müvafiq qərarını səsləndirib və bildirib ki, müsabiqənin şərtlərinə əsasən, AMEA-da fəaliyyət göstərən 35 yaşa qədər gənclər müsabiqədə iştirak edə bilərlər.
Elmi Şurada Şəki REM gənclərinin müsabiqədə iştirakını təmin etmək məqsədilə onlara Gənclər Akademiyası tərəfindən dəstək göstərilməsi qərara alınıb.
Elektron xidmətlər şöbəsinin rəhbəri Namiq Abdurahmanov "AMEA-nın Elektron Akademiya şöbəsinin "Rəqəmsal Akademiya, Süni İntellekt və Elektron xidmətlər" şöbəsi adlandırılması haqqında AMEA Rəyasət Heyətinin müvafiq qərarını diqqətə çatdırıb. Elmi Şura bundan sonra "Elektron xidmətlər" şöbəsinin adının "Süni İntellekt və Elektron xidmətlər" şöbəsi adı ilə əvəz olunmasına qərar verib.
Cari məsələ-Ekoloji biofizika, Bitkilərin biokimyası, Tut ipəkqurdunun seleksiyası, Landşaftşünaslıq şöbələrinin rəhbər vəzifələrinə seçki keçirilib.
Səsvermədə 13 nəfər Elmi Şura üzvü iştirak edib. Səsvermənin nəticələrinə görə, k./təs. ü.f.d. İsmayılov İlqar Rafiq oğlu Ekoloji biofizika şöbəsinin, Salmanova Ayşən Kamil qızı Bitkilərin biokimyası şöbəsinin, bio.ü.f.d., dos. Bəkirov Qüdürət Məmməd oğlu Tut ipəkqurdunun seleksiyası şöbəsinin, geol-min.ü.f.d. Mustafabəyli Hüseyn Lütvəli oğlu Landşafşünaslıq şöbəsinin rəhbəri vəzifəsinə seçiliblər.
Əməkdaşlarımızı təbrik edir, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.