
Şəki Regional Elmi Mərkəzdə "Bəxtiyar Vahabzadə poeziya dahilərindən biri kimi" adlı elmi-praktiki konfrans keçirilib
Sen 24, 2025 | 02:00
Sen 24, 2025 | 02:00
24 sentyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr edilmiş "Bəxtiyar Vahabzadə poeziya dahilərindən biri kimi" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbiri açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü iştirakçıları salamlayıb, qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi elmi-ədəbi tədbir olmaqla yanaşı, ictimai-siyasi və ideoloji məzmuna malik tarixi hadisədir.
Bildirib ki, Bəxtiyar Vahabzadə bədii-ictimai fikir tarixində milli azadlıq ideyalarının təbliğ olunmasında, istiqlal məfkurəsinə sədaqət hissinin aşılanmasında müstəsna xidmətləri olan böyük mütəfəkkirdir.
Yusif Şükürlü şairin zəngin ədəbi irsə sahib olduğunu vurğulayıb, yaradıcılığında demək olar ki, bütün mövzulara müraciət etdiyini diqqətə çatdırıb. Şairin "Gülüstan" poemasının milli nəslin formalaşmasındakı önəmli rolundan danışıb, poemanın orijinal mətnini səsləndirib, tədbirin işinə uğur diləyib.
Sonra söz Ədəbi-mədəni mühit və folklor şöbəsinin rəhbəri Təranə Abdullayevaya verilib. Məruzəçi "Bəxtiyar Vahabzadə yaradıcılığında klassik irsə münasibət" mövzusunda məruzə ilə çıxış edərək şairin klassik irsimizi milli kimliyimizin bünövrəsi kimi qiymətləndirdiyini, klassik sənətkarların yaradıcılığından bəhrələnərək, üslub cəhətdən bir-birindən fərqli və maraqlı fəlsəfi əsərlər yaradaraq, klassik ruha yeni duyğular gətirdiyini, bir sözlə, klassik ənənəni müasir dövrün düşüncə müstəvisində sərgilədiyini nəzərə çatdırıb.
Arxeologiya və etnoqrafiya şöbəsinin elmi işçisi Aygül Xəlilova "Bəxtiyar Vahabzadənin nəsr yaradıcılığı" mövzusunda məruzə edib. Məruzəçi Bəxtiyar Vahabzadənin nəsr yaradıcılığının publisistik məqalələr, ədəbi-tənqidi yazılar, publisistik esselər, xatirələr və hekayələrdən ibarət olduğunu bildirib.
O, nasirin yaradıcılığında azlıq təşkil edən hekayə janrı nümunələrinin geniş tədqiq olunmadığını söyləyib, lakin buna baxmayaraq, həmin bədii nümunələrin bənzərsizliyindən, zəngin fəlsəfi fikrin ifadəçisi olmasından danışıb. Məruzəçi, həmçinin elmi tədqiqata cəlb etdiyi hekayələrin bədii-estetik dəyərini, fəlsəfi mahiyyətini bölüşüb.
Daha sonra Ədəbi-mədəni mühit və folklor şöbəsinin elmi işçisi Tural Adışirinov "Bəxtiyar Vahabzadə yaradıcılığında millilik" mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, Bəxtiyar Vahabzadə həm ədəbi, həm də ictimai fəaliyyətində əqidə və dönməzlik nümunəsi olub. Məruzəçi şairin şəxsiyyətinin, yaradıcılığının, milli istiqlal mübarizəsinin Ümummilli Lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirildiyinə diqqət çəkib, böyük mütəfəkkirin ana dilinin saflığı uğrunda mübarizəsinin, Cənubi Azərbaycana olan həssaslığının xalqın tarixi yaddaşının təmizlənməsində müstəsna rol oynadığını vurğulayıb.
Elmi-praktiki konfrans müzakirələr ətrafında davam etdirilib.