
AMEA-nın Şəki Regional Elmi Mərkəzində "İqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya problemləri" mövzusunda dəyirmi masa keçirilib
Avg 25, 2025 | 01:00
Avg 25, 2025 | 01:00
25 avqust 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" çərçivəsində Şəki Regional Elmi Mərkəzinin, "Rüzgar" Ekoloji İctimai Birliyinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə "İqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya problemləri" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Radiasiya Problemləri İnstitutunun direktoru, prof. İslam Mustafayev, professor Nurməmməd Məmmədov, fiz.ü.f.d. Əminə Mikayılova, elmi işçi Hafizə İmanova, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun əməkdaşı Pərvin Səmədov, Şəki REM-in əməkdaşları iştirak ediblər.
Himn səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi yad edilib.
Tədbiri açan Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil.e.d.,dos.Kamil Adışirinov tədbir iştirakçılarını salamlayıb, tədbirin təşkil edilməsində birgə əməkdaşlığa görə minnətdarlığını bildirib.
Qeyd edib ki, ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyevin ekoloji problemlərin həllinə verdiyi önəmin göstəricisidir.
Dosent maarifləndirici xarakter daşıyan bu tədbirin keçirilməsində əsas məqsədin ətraf mühitin qorunması istiqamətində insanların təbiətə daha böyük qayğı ilə yanaşmasının təmin edilməsi olduğunu bildirib və tədbirin işinə uğur arzulayıb.
Radiasiya Problemləri İnstitutunun direktoru, prof. İslam Mustafayev "İqlim dəyişmələri üzrə mitiqasiya və adapdasiya" mövzusunda məruzə edib.
Məruzəçi günümüzün reallığı olan iqlim dəyişmələrinin ağır fəsadları, mitiqasiya, istixana effekti yaradan qazlar və onların sektorlar üzrə bölgüsü, qlobal emissiyalar və onların Azərbaycan üzrə bölgüsü, iqlim riskləri və bütün bu problemlərdən çıxış yolları haqqında geniş məlumat verib.
Sonra Radiasiya Problemləri İnstitutunun elmi işçisi Hafizə İmanova "İqlim dəyişmələrinin sosial təsirləri" mövzusunda çıxış edərək ekoloji əxlaq və onun təbiətə münasibətdə rolu, müharibələrin ekoloji böhranda rolu, ABŞ və İnkişaf Etmiş Ölkələrin ekoloji proseslərdə mövqeyi, iqlim dəyişiklikləri ilə yaranan yeni sahələr, ekomiqrasiya və iqlim dəyişiklikləri kimi tezislər ətrafında fikirlərini diqqətə çatdırıb. O, ekoloji şüur və təfəkkürün məhsulu olan Qarabağın Sərhəng və Suqovuşan su anbarının, Misirin "Toshka" proyektinin, enerji istehsalı üçün Hindistan nümunəsinin, eləcə də "Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyalarıın ekoloji problemlərin həlli yolunda dönüş nöqtəsi olduğunu və gələcəkdə dünyanın hər yerində bu istiqamətdə layihələrin tətbiq olunacağına ümid etdiyini bildirib.
Daha sonra fiz.ü.f.d. Əminə Mikayılova "Konstitusiya və Suverenlik: ekoloji qanunvericilik" mövzusunda çıxış edib. Məruzəçi Azərbaycan Respublikasının Konstitusiyasının ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı müddəalarını, Azərbaycan Respublikasının ekoloji qanunvericiliyi, Azərbaycan Respublikası Prezidentinin ekoloji istiqamətdə imzaladığı mühüm konvensiyalar, ətraf mühit sahəsində siyasət sənədləri haqqında məlumatları nəzərə çatdırıb.
Tədbirdə Şəki REM-in alimlərinin ekoloji tarazlığın bərpa olunması, problemlərin aradan qaldırılması istiqamətində təklifləri dinlənilib.
Dəyirmi masa diskussiyalar ətrafında davam etdirilib.