Şəki Regional Elmi Mərkəzdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində tədbir keçirilib
Sen 09, 2025 | 01:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Şəki Regional Bölməsinin birgə təşkilatçılığı ilə 09 sentyabr 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" çərçivəsində Şəki REM-də "Dinlər sülhə, qarşılıqlı anlayışa çağırır" mövzusunda tədbir keçirilib.
Tədbiri açan Şəki Regional Elmi Mərkəzin elmi işlər üzrə direktor müavini, fil.e.d., dos. Kamil Adışirinov qonaqları və iştirakçıları salamlayıb.
O, ölkəmizdə dinlərarası qarşılıqlı hörmət, həmrəylik və etimad mühitinin möhkəmlənməsində sülh çağırışçısı olan Ümummilli Lider Heydər Əliyevin böyük rolu olduğunu qeyd edib və bu mühitin digər ölkələr üçün nümunə olduğunu diqqətə çatdırıb.
Tədbirin keçirilməsində əsas məqsədin İslam həmrəyliyinin gücləndirilməsi, sülhə çağırış istiqamətində insanların maarifləndirilməsi olduğunu bildirib və tədbirin işinə uğur diləyib.
Sonra söz Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Şəki Regional Bölməsinin aparıcı məsləhətçisi Saleh Məmmədova verilib. Məruzəçi Azərbaycanda digər dinlərin nümayəndələrinə qarşı tolerant münasibət və müsəlmanlar arasındakı həmrəylikdən, ortaq dəyərlərdən, dinlərarası dialoqun əhəmiyyətindən, dinlərin verdiyi evrensel sülh mesajından, qarşılıqlı anlayış və xoşgörünün inkişafından danışıb, insanları sülh üçün əl-ələ verməyə, birlikdə addımlamağa çağırıb.
O, həmçinin BMT-nin və dini liderlərin çağırışları, 1986-cı ildə keçirilmiş Vatikan konfransı, UNESCO layihələri haqqında geniş məlumat verib.
Günümüzdə dinlərin sülhə qatqısı istiqamətində İslam dünyası konfranslarının, xristian kilsələrinin dəstəyi və yəhudi camaatının layihələrinin xüsusi önəmi olduğunu bildirib.
Daha sonra Şəki REM-in Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Ələddin Sultanov çıxış edərək İslam dininin gözəllikləri, günümüzdə dinlərə baxış tərzi haqqında məlumat verib, dini radikalizmə, fanatizmə, terrorizmə qarşı mübarizədə tədbirin əhəmiyyətli rolu olduğunu vurğulayıb.
Şəki şəhər mərkəzi "Cümə" məscidinin imamı Müşfiq Xəlilov "Bütün dinlər sülhə çağırır" mövzusunda məruzə edib. O, 21 sentyabr tarixinin bütün dünyada "Beynəlxalq Sülh Günü" kimi qeyd edildiyini diqqətə çatdırıb.
Məruzəçi ölkəmizdə və dünyada sülhün qorunub saxlanılmasında dövlət-din münasibətlərinin əhəmiyyətindən söz açıb, dövlət başçısı İlham Əliyev tərəfindən bu sahəyə həsasslıqla yanaşılaraq daim qayğı göstərildiyini vurğulayıb.
Müşfiq Xəlilov Azərbaycan Respublikasının dövlət siyasətinin regionda əbədi sülhün bərqərar olmasına yönəlməsini dövlət başçısının yorulmaz fəaliyyətinin nəticəsi olduğunu qeyd edib.
Tədbir maraqlı müzakirələr ətrafında davam etdirilib.