Şəki Regional Elmi Mərkəzdə "Dövlət Suverenliyi Günü" qeyd edilib
Sen 19, 2025 | 02:00
19 sentyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində "20 Sentyabr Dövlət Suverenliyi Günü" ilə əlaqədar dəyirmi masa keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Şəki REM-in direktoru, fiz.ü.f.d.,dos. Yusif Şükürlü "Dövlət Suverenliyi Günü"nün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Vətən oğullarının əldə etdikləri tarixi Zəfər sayəsində təqvimin bu günü şanlı bayrağımızın dalğalandığı bölünməz və bütöv Azərbaycan torpaqlarında bayram edilir.
Daha sonra Şəki REM-in Tarix və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənov çıxış edib. Məruzəçi 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə edilmiş tarixi qələbə, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsindən, "Dövlət Suverenliyi Günü"nün elan edilməsinin əhəmiyyətindən danışıb və bütün bunların Azərbaycan tarixinin mühüm hadisəsinə çevrildiyini vurğulayıb.