
Şəki Regional Elmi Mərkəzdə "Üzeyir Hacıbəylinin ictimai-siyasi fəaliyyəti" mövzusunda elmi seminar keçirilib
Sen 19, 2025 | 01:00
Sen 19, 2025 | 01:00
19 sentyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş "Üzeyir Hacıbəylinin ictimai-siyasi fəaliyyəti" mövzusunda elmi seminar keçirilib.
Tədbiri açan Şəki REM-in direktoru, fiz.ü.f.d.,dos. Yusif Şükürlü Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsinin dahi bəstəkarın şəxsiyyətinə və yaradıcılığına ehtiramın ifadəsi olduğunu qeyd edib, bəstəkarın milli musiqinin formalaşmasında müstəsna xidmətləri olduğunu söyləyib, seminarın işinə uğur diləyib.
Sonra Şəki REM-in Tarix və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənov "Üzeyir Hacıbəylinin siyasi fikirləri-sosialist ideyalardan istiqlalçılığa doğru" mövzusunda məruzə edib. Bildirib ki, xalqın qəhrəmanlığını, vətənpərvərliyini, milli qürurunu, azərbaycançılığını musiqi dili ilə ifadə etməsi Üzeyir Hacıbəylinin dahiliyinin göstəricisidir və bəstəkarın "Koroğlu" operası azərbaycançılıq ideyasını dərindən təcəssüm etdirən möhtəşəm əsərlərindən biridir.
Daha sonra Şəki REM-in Ədəbi-mədəni mühit və folklor şöbəsinin rəhbəri Təranə Abdullayeva "Xalq yaradıcılığı və Üzeyir Hacıbəyli" adlı çıxışında bəstəkarın bayatı və mahnılar haqqında görüşlərindən-onların toplanaraq elmi tədqiqata cəlb edilməsinin, bir çox musiqi əsərlərində onlardan bəhrələnməyin əhəmiyyətindən danışıb, Üzeyir Hacıbəylinin publisistik və dramatik əsərlərində şifahi xalq ədəbiyyatı nümunələrindən geniş istifadə etdiyini diqqətə çatdıtıb.
Sonda Üzeyir Hacıbəylinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.