Şəki Regional Elmi Mərkəzdə Elmi Şura iclası keçirilib
İyl 24, 2025 | 03:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzində 24 iyul 2025-ci il tarixində növbəti Elmi Şura iclası keçirilib.
İclasda 11 nəfər Elmi Şura üzvü, şöbə rəhbərləri və elmi işçilər iştirak ediblər.
İclası açan Şəki REM-in direktoru, fiz.ü.f.d.dos. Yusif Şükürlü iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Gündəlik səsə qoyularaq qəbul edilib.
Dosent Yusif Şükürlü "Azərbaycan Respublikası Prezidentinin " Azərbaycan Respublikasının 2025-2028-ci illər üzrə süni intellekt Strategiyası"nın təsdiq edilməsi haqqında 19 mart 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında AMEA Rəyasət Heyətinin 14 aprel 2025-ci il tarixli 11/1 nömrəli qərarı və "AMEA-nın Aziz Sancar fəxri diplomu"nun Əsasnaməsi ilə bağlı" məlumat verib. Bildirib ki, təsis edilməsi elm və alimlər üçün böyük önəm kəsb edən bu mükafat Şəki REM-in gənc alimləri üçün bir şansdır və onlar mükafatı əldə etmək üçün müsabiqəyə qatılmaqlarını təklif edib.
Elmi Şura mükafatın tələblərini ödəyən gənc alimlərin elmi fəaliyyətini əks etdirən beynəlxalq indeksli məqalələrin AMEA Rəyasət Heyətinə təqdim olunmasına qərar verib.
Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil.e.d., dos. Kamil Adışirinov gündəlikdəki ikinci məsələ-"AMEA-nın və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə Tədbirlər planı"nın təsdiq edilməsi haqqında AMEA Rəyasət Heyətinin 2 iyun 2025-ci il tarixli 14/15 saylı qərarı ilə əlaqədar" məlumat verib.
Bildirib ki, AMEA-nın 80 illik yubileyi ilə əlaqədar Şəki REM-in təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin bir çox qurumları ilə müştərək tədbirlər bu ilin I yarımili ərzində keçirilib və daha bir neçə tədbirin təşkili növbəti yarımil üçün nəzərdə tutulur.
Gündəlikdəki növbəti məsələ-"AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi bölmə və mərkəzlərinin 2025-ci ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair yarımillik hesabatların nəticələri haqqında AMEA Rəyasət Heyətinin 7 iyul 2025-ci il tarixli 15/8 nömrəli qərarına dair" Elmi katib Vəfa Atayeva məlumat verib.
O, hesabatlarla bağlı AMEA Rəyasət Heyətinin müvafiq qərarını səsləndirib, hesabatların qəbul edilərək qənaətbəxş hesab edildiyini Elmi Şura üzvlərinin diqqətinə çatdırıb.
Ədəbi-mədəni mühit və folklor şöbəsinin rəhbəri Təranə Abdullayeva çıxış edərək iştirakçıları "Filologiya elmləri doktoru Sərxan Xavərinin "Postmodern çağda folklor və dövlətçilik münasibətlərinə diskursiv baxış" mövzusunda elmi məruzəsi haqqında 7 iyul 2025-ci il tarixli 15/1 nömrəli qərar"ı ilə tanış edib.
Bildirib ki, qərarın icrası ilə bağlı Ədəbi-mədəni mühit və folklor şöbəsi tərəfindən müvafiq iş planı hazırlanıb, məruzəçi Elmi Şuranı iş planı ilə tanış edib, iş planı səsə qoyularaq qəbul edilib.
"Şəki REM-də elmi əsərlərin yoxlanılmasını təmin etmək məqsədi ilə plagiat proqramının alınmasının müzakirəsi" haqqında məlumatları Elektron xidmətlər şöbəsinin rəhbəri Namiq Abdurahmanov çatdırıb.
Bildirib ki, plagiat proqramlarının araşdırılması aparılıb və ən uyğun olanı, müasir standartlara cavab verən, Respublikanın nüfuzlu elm və təhsil müəssisələri tərəfindən istifadə edilən, etibarlı plagiat proqramı müəyyənləşdirilib. O, proqrama qoşulma şərtləri, onun üstünlükləri, təqdim olunan təkliflər barədə məlumatları nəzərə çatdırıb.
Elmi Şura qısa zaman ərzində Şəki REM-də dərc olunacaq elmi jurnalda məqalələrin oxşarlıqlarını və potensial uyğunluqlarını müəyyən etmək üçün təqdim olunan plagiat proqramının qənaətbəxş olduğuna və bu barədə AMEA Rəyasət Heyətinə müraciətin təmin olunmasına qərar verib.