Qəbələdə "Şimal-qərbi Azərbaycanın mənəvi irsi, mədəni tarixi abidələri" mövzusunda seminar keçirilib
İyl 21, 2025 | 02:00
İyl 21, 2025 | 02:00
19 iyul 2025-ci il tarixində Qəbələ rayonunda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin, İntellektual İnkişaf Naminə İctimai Birliyinin birgə dəstəyi ilə "Şimal-qərbi Azərbaycanın mənəvi irsi, mədəni tarixi abidələri" mövzusunda elmi seminar keçirilib.
Tədbiri açan İntellektual İnkişaf Naminə İctimai Birliyinin rəhbəri Rəşad Abdullayev qonaqları salamlayıb, tədbirin şimal-qərb bölgəsi maddi-mədəni irsinin tanıdılması və gələcək nəsillərə aşılanması kimi önəmli məqsədə xidmət etdiyini diqqətə çatdırıb və sözü Tarix və epiqrafika şöbəsinin elmi işçisi Elçin Vəliyevə verib.
Elçin Vəliyev "Azərbaycanın dövlətçilik tarixi" mövzusunda tarixi Azərbaycan torpaqları, azərbaycanlıların qədim dövlətçilik ənənələrinə malik olması, Azərbaycan ərazisində mövcud olan dövlətlər, Azərbaycan xanlıqları, Azərbaycan Xalq Cümhuriyyəti, Müstəqil Azərbaycan Respublikası haqqında sistemli, geniş məruzə edib.
Sonra söz Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Akif Məmmədliyə verilib. Məruzəçi "Şimal-qərbi Azərbaycanın tarixi abidələrinin öyrənilməsi vəziyyəti və əhəmiyyəti" adlı çıxışında "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunda abidələrin toxunulmazlıq statusu və onların qorunaraq gələcək nəsillərə çatdırılmasının təsbit olunduğunu əsas gətirərək, şimal-qərb bölgəsində də mövcud olan tarixi abidələrin bərpa-təmir işlərinə xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb.
Daha sonra Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Ələddin Sultanov "Şimal-qərb bölgəsinin epiqrafik abidələri" mövzusunda geniş məruzə edib. Məruzəçi bölgədə aşkarlanan əlyazmaların, daş kitabələrin elmi tədqiqata cəlb olunduğunu bildirib. Qeyd edib ki, tədqiqata cəlb edilən bu nümunələr bölgənin ictimai, siyasi, sosial və dini həyatının öyrənilməsi baxımından olduqca maraqlıdır.








