
Şəki Regional Elmi Mərkəzdə ""Əkinçi" ilə başlayan milli mətbuat tariximiz" mövzusunda elmi seminar keçirilib
İyl 22, 2025 | 02:00
İyl 22, 2025 | 02:00
22 iyul 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Milli mətbuatın yaranmasının 150 illiyinə həsr edilmiş ""Əkinçi" ilə başlayan milli mətbuat tariximiz" mövzusunda elmi seminar keçirilib.
Tədbiri açan Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil.e.d.,dos. Kamil Adışirinov iştirakçıları salamlayıb, tədbirin keçirilməsində əsas məqsədin milli mətbuat tariximizin gənc nəslə aşılanması olduğunu qeyd edib, tədbirin işinə uğurlar arzulayıb.
Sonra söz Ədəbi-mədəni mühit, folklor şöbəsinin əməkdaşı Aynur Məmmədovaya verilib.
Məruzəçi ""Əkinçi" qəzetinin müxbirləri" adlı çıxışında qəzetin ilk müxbirləri olan Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov barədə danışarkən, bu şəxsiyyətlərin "Əkinçi"nin fəaliyyətində xüsusi önəm daşıdığını qeyd edib. Bildirib ki, onlar qəzet üçün yalnız yeni xəbərlər yazmaqla kifayətlənməyib, həm də rus dilində nəşr edilən mətbu orqanlardan vacib bildikləri xəbərləri tərcümə edirdilər və bunlar da qəzetin səhifələrində dərc olunurdu.
"Həsən bəy Zərdabi və "Əkinçi"" mövzusunda çıxış edən Ədəbi-mədəni mühit, folklor şöbəsinin elmi işçisi Tural Adışirinov Həsən bəy Zərdabinin milli mətbuat tarixindəki rolu, milli oyanış fəaliyyətini əks etdirən faktlara diqqət çəkib, “Əkinçi”nin milli düşüncə sahiblərini milli problemlər ətrafında düşünməyə, millətin dərdlərini mətbuat səhifələrində bölüşməyə səfərbər etdiyini vurğulayıb.
Ədəbi-mədəni mühit, folklor şöbəsinin rəhbəri Təranə Abdullayeva ""Əkinçi" qəzetinin özündən sonrakı mətbuat tarixinə təsiri" mövzusunda məruzə edib. O, "Əkinçi"də tətbiq edilən bəzi metodların sonrakı dövrlərdə anadilli nəşrlər olan "Kəşkül", "Ziya", "Ziyayi-Qafqaziyyə", Azərbaycan mətbuatının özülünün möhkəmlənməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən "Kaspi", milli oyanış dövrünün son məhsulu olan "Şərqi-Rus" qəzetlərinin, bir qədər sonra "Həyat", "İrşad", "Tazə həyat", "Açıq söz", "Fiyuzat", ədəbi mətbu cərəyanın əsasını qoyan "Molla Nəsrəddin", milli demokratik mətbuatın zirvəsi hesab edilən "Azərbaycan" kimi qəzet və jurnallarda davam etdirildiyinə diqqət çəkib.
Qeyd edib ki, ömrünü milli mücadiləyə həsr etmək amalına sadiq qalan Həsən bəy Zərdabinin fədakarlığı müasir mətbuat təmsilçiləri üçün də əsl nümunədir.
Daha sonra dosent Kamil Adışirinov "Şəkidə mətbuatın inkişaf tarixi"nə nəzər yetirərək bildirib ki, "Əkinçi"dən başlayan bu yol Azərbaycanın bölgələrinə doğru inkişaf edərək genişlənmiş, böyük tarixi prosesin tərkib hissəsinə çevrilmişdir. Məruzəçi "Əkinçi"nin fəaliyyəti ilə xalqın milli özünüdərk prosesinin yeni mərhələsinin başlandığını və bu prosesin davamı olaraq Şəki mətbuatının da çətinliklərə baxmayaraq milli və ictimai məsələlərə yer verdiyini, mənəvi dəyərlərin qorunub saxlanılması uğrunda mübarizə apardığını nəzərə çatdırıb.
Sonda Şəki REM-in direktoru, fiz.ü.f.d, dos. Yusif Şükürlü çıxış edərək məruzəçiləri təbrik edib, belə mühüm tarixi əhəmiyyətə malik, milli şüurun formalaşmasında əvəzsiz rolu olan "Əkinçi" qəzetinin 150 illiyi ilə bağlı tədbirin təşkil edilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib, Milli Mətbuat Günü münasibəti ilə iştirakçıları təbrik edib.