
Şəki Regional Elmi Mərkəzdə "Konstitusiya və Suverenlik ili: hüquqi dəyərlərimiz" mövzusunda elmi-praktiki konfrans keçirilib
İyl 17, 2025 | 05:00
İyl 17, 2025 | 05:00
17 iyul 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Qəbələ Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Şəki REM-in akt zalında "Konstitusiya və Suverenlik ili: hüquqi dəyərlərimiz" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirdə Şəki və Qəbələ Mediasiya təşkilatlarının nümayəndələri, Qəbələ və Şəki rayon ziyalıları, Şəki REM-in şöbə rəhbərləri və elmi işçiləri iştirak ediblər.
Tədbiri açan Şəki REM-in direktoru, fiz.ü.f.d.,dos. Yusif Şükürlü iştirakçıları salamlayıb, tədbirin adı çəkilən qurumla birgə təşkil edilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar nəticəsində 1995-ci ildə Azərbaycan xalqı referendum yolu ilə öz yeni milli Konstitusiyasını qəbul etmiş və bu, ölkədə demokratik, dünyəvi və unitar dövlətin qurulması işinə hüquqi zəmin yaratmışdır.
Yusif Şükürlü bildirib ki, hər bir Azərbaycan vətəndaşı öz konstitusiya haqlarını bilməli və hüquqlarından doğru istifadə etməyi bacarmalıdır. Həmçinin hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək hüququna malik olduğunu vurğulayıb. O, mediasiya prosesinin bu işi asanlaşdırmasını təmin etdiyini əlavə edərək, çıxış üçün sözü Azərbaycan Respublikası Mediasiya Şurasının üzvü, Qəbələ Mediasiya Təşkilatının rəhbəri, mediator Ədalət Əliyevə verib.
Ədalət Əliyev mediasion fəaliyyət haqqında geniş məlumat verərək bildirib ki, mediasiya prosesi münaqişə tərəfləri arasında yaxşı münasibətlərin yaradılması və qorunub saxlanması məqsədilə istənilən mübahisə üzrə tətbiq edilə bilər. Bunun üçün tərəflər qarşılıqlı razılaşma ilə istədikləri mediatoru seçib ona müraciət etməkdə sərbəstdirlər, mediasiya prosesində məxfiliyin qorunması təmin edilir. O, mediasiya prosesinin vətəndaşların və vəkillərin işinin asanlaşdırılmasına, məhkəmələrin iş yükünün azaldılmasına kömək etdiyini də nəzərə çatdırıb.
Daha sonra söz Şəki REM-in Tarix və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənova verilib. Rahim Həsənov "Azərbaycan Respublikası Konstitusiyasının qəbulu və suverenliyimizin bərpası" adlı çıxışında dünya qanunları haqqında məlumat verərkən, ilk dünyəvi, materialist qanunların Romada yaranmasından və bu qanunların hələ də öz təsirini saxlanmasından, Latın, Frank, İngiltərə qanunlarının əsasında konstitusiyanın formalaşmasından danışıb.
Məruzəçi 1921-ci ildə yaradılan Azərbaycan SSR-nin Konstitusiyasında Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində Azərbaycan dilinin Dövlət dili olması faktını diqqətə çatdırıb, Azərbaycan SSR-nin Dövlət Suverenliyi, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bəyannaməsi, ən demokratik Azərbaycan Konstitusiya Aktının qəbul edilməsi, konstitusiyaya edilən dəyişikliklər, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi ilə konstitusiya hüquqlarının bərpa olunması kimi mühüm məqamlara diqqət çəkib.
Tədbirdə həmçinin Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil.e.d., dos. Kamil Adışirinov, Azərbaycan Respublikası Mediasiya Şurasının üzvü, Şəki Mediasiya Təşkilatının rəhbəri, mediator Dərya Yaşarlı, Qəbələ rayon Yemişanlı kənd tam orta məktəbinin direktoru Səyyad Vəlixanlı və başqaları çıxış ediblər.
Daha sonra Qəbələ Mediasiya Təşkilatının rəhbəri tərəfindən Şəki REM-in əməkdaşlarına kitablar hədiyyə edilib.
Sonda xatirə fotoşəkilləri çəkilib.