30 iyun 2025-ci il tarixində Şəki REM-in növbəti Elmi Şura iclası keçirilib
İyn 30, 2025 | 02:00
İclasda 12 nəfər Elmi Şura üzvü, şöbə rəhbərləri, elmi işçilər iştirak ediblər.
İclası açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Gündəlik səsə qoyularaq qəbul edilib.
Gündəlikdəki ilk məsələ "AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi bölmə və mərkəzlərinin 2025-ci ildə aparılmış elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair yarımillik hesabatlar haqqında" 10 iyun 2025-ci il tarixli 67 nömrəli Sərəncamı əsasında hazırlanmış Şəki REM-in yarımillik hesabatı haqqında" Mərkəzin Elmi katibi Vəfa Atayeva məlumat verib.
Bildirib ki, 2025-ci ilin I yarımilində 8 şöbədə 6 istiqamət, 10 mövzu üzrə 20 elmi-tədqiqat işi yerinə yetirilib və mühüm elmi nəticələr əldə edilib.
Həmçinin əlavə edib ki, Şəki REM-in elmi-təşkilati fəaliyyəti də geniş əhatə dairəsinə malik olub. Belə ki, 2025-ci ilin birinci yarımilində Şəki REM şimal-qərb bölgəsi üzrə 20-dən çox tədbirin təşkilatçısı və iştirakçısı olub, sosial şəbəkə və saytlarda fəaliyyət, eləcə də KİV-lərlə əməkdaşlıq istiqamətində 200-ə yaxın xəbər və məlumat paylaşıb.
Elmi Şuranın qərarına əsasən Şəki REM-in yarımillik hesabatı qənaətbəxş hesab edilib.
Gündəlikdəki ikinci məsələ "Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2 iyun 2025-ci il tarixli 14/11, 14/12, 14/13 nömrəli qərarları ilə təsdiq edilmiş "AMEA-nın Şəki REM-də daxili imkanlar və mövcud ştat vahidləri hesabına "Ədəbi-mədəni mühit, folklor", "Tarix və epiqrafika", "Arxeologiya və etnoqrafiya" şöbələrinin yaradılması haqqında" İnsan resursları şöbəsinin rəhbəri Ülviyyə Osmanova müfafiq qərarları səsləndirib.
Yeni yaradılan şöbələrin elmi tərkibi mövcud ştat vahidləri hesabına müəyyənləşdirilib və Elmi Şura tərəfindən təsdiqlənib.
Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil.e.d., dos. Kamil Adışirinov gündəlikdəki cari məsələ "AMEA-nın Şəki Regional Elmi Mərkəzi tərəfindən təsis ediləcək jurnal haqqında" məlumat verib.
Elmi Şuranın qərarına əsasən AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Elmi araşdırmalar" jurnalının redaksiya heyəti və üzvləri təsdiqlənib.