
Şəki Regional Elmi Mərkəzin təşkilatçılığı ilə "Seyid Əzim Şirvani yaradıcılığında klassik Şərq ənənələri" mövzusunda elmi-praktiki konfrans keçirilib
İyn 25, 2025 | 05:00
İyn 25, 2025 | 05:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının və Şəki-Zaqatala RMİ Balakən rayon MKS-nin Şəhər kitabxana filialının birgə təşkilatçılığı ilə 25 iyun 2025-ci il tarixində Balakən şəhər Mərkəzi Kitabxanada Seyid Əzim Şirvaninin 190 illiyinə həsr edilmiş "Seyid Əzim Şirvani yaradıcılığında klassik Şərq ənənələri" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda Balakən və Zaqatala rayonlarının ziyalıları, gənclər iştirak ediblər.
Tədbiri açan Balakən rayon MKS-nin Şəhər kitabxana filialının müdiri Gülarə Muradova qonaqları və iştirakçıları salamlayıb, Şəki REM kimi nüfuzlu təşkilatın tədbirin keçirilməsi üçün kitabxananı əməkdaş seçməsindən qürur duyduğunu bildirib, məmnunluğunu ifadə edib və Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlüyə təşəkkürünü bildirib. O, Prezident İlham Əliyevin "Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi" haqqında Sərəncamının dövlətimizin ziyalılara olan dəyərinin göstəricisi olduğunu söyləyib.
Sonra söz Şəki REM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Reyhan Mənəfovaya verilib. O, çıxışında klassiklərimizin irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutmasının tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olduğunu vurğulayıb, tədbirin keçirilməsinin klassiklərin tanınması və gənc nəslin onların əsərlərində yüksək dəyər kəsb edən tərbiyəvi məsələlərlə tanış olması baxımından əhəmiyyətli olduğunu nəzərə çatdırıb, tədbirin işinə uğur diləyib.
Şəki Regional Elmi Mərkəzin e.i.ü.direktor müavini, fil.e.d., dos. Kamil Adışirinova söz verilib.
Kamil Adışirinov "Seyid Əzim Şirvani: Ənənənin davamçısı, yeniliyin yaradıcısı" adlı məruzəsində ədəbiyyatımızın dövrləşməsi mərhələlərindən danışarkən XIX əsr ədəbiyyatının daha ziddiyyətli və bir o qədər də parlaq, zəngin tarixi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Məruzəçi Seyid Əzim Şirvaninin həyatı haqqında ədəbiyyat tarixində əksini tapmayan faktlara, ən dolğun məlumatlara yazıçı Əzizə Cəfərzadənin xatirələrində rast gəldiyini bildirib.
Kamil Adışirinov Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirən mütəfəkkir şair Seyid Əzim Şirvaninin dərin poetik fikirlərinin fəlsəfi görüşləri ilə vəhdətdə olduğunu qeyd edib, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilən müstəsna əhəmiyyətli ədəbi irsinin qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil etdiyini söyləyib.
Sonra Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Akif Məmmədliyə söz verilib. O, "Seyid Əzim Şirvani ilahiyyatçı alim kimi" mövzulu çıxışında Azərbaycanın XIX əsr tarixi mənzərəsini göz önünə gətirərək, Seyid Əzim Şirvaninin dini-fəlsəfi düşüncəsindən, cəsarətli addımlarından, və acınacaqlı taleyindən bəhs edib.
Qeyd edib ki, dərin dini-fəlsəfi təfəkkürə malik Seyid Əzim Şirvaninin dünyagörüşündə din aydınlanmanın, irəli addımlamağın, düzgün tərbiyənin əsasıdır, lakin onun təbliğ edilməsində böyük yanlışlara yol verilir və bu, insanları cəhalətə aparır.
Balakən rayon MKS-nin Şəhər kitabxana filialının müdiri Gülarə Muradova "Seyid Əzim Şirvaninin maarifçi görüşləri" haqqında danışarkən, onun əsl ziyalı olması tezisini irəli sürərək, xalqının bütün dərdlərini sinəyə çəkməsi, millətin maariflənməsi, ziyalanması, aydınlanması uğrunda ömrünü fəda etməsi faktları ilə əsaslandırıb.
Daha sonra Balakən şəhər ziyalısı Elsevər İsmayılov Seyid Əzim qəzəllərindən nümunələr səsləndirib, bu qəzəllərin ideal şəkildə insanın bəşəri keyfiyyətlərini incələdiyini, ilahi eşqlə dünyəvi eşqin vəhdətində kamilliyə doğru yol aldığını mənalandıraraq poetik səviyyəyə yüksəltdiyini vurğulayıb.
Şəki Regional Elmi Mərkəzin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirinov çıxış edərək tədbirin təşkilinə dəstək göstərdikləri üçün Balakən Şəhər kitabxana filialının əməkdaşlarına öz təşəkkürünü bildirib və gələcəkdə belə əməkdaşlıqların davam etdiriləcəyini bildirib. Seyid Əzim Şirvani yaradıcılığından qəzəl səsləndirib.
Tədbirdə çıxış edən şair Adilə Aslanova Seyid Əzim Şirvaninin həyat və yaradıcılığının, əsərlərinin təkcə ölkəmizdə deyil, bütövlükdə Şərq ədəbiyyatı nümunələri içərisində ədəbi-bədii fikrin inkişafında mühüm əhəmiyyətinin olduğunu vurğulayıb.
Tədbirin bədii hissəsində Seyid Əzim Şirvaninin qəzəlləri üzərində oxunan muğamlar dinlənilib, gənclər tərəfindən şairin qəzəllərindən nümunələr səsləndirilib.
Sonda xatirə fotoşəkilləri çəkilib.