
AMEA-nın Şəki Regional Elmi Mərkəzində Üzeyir Hacıbəylinin jurnalistik fəaliyyəti" mövzusunda tədbir keçirilib
İyn 13, 2025 | 05:00
İyn 13, 2025 | 05:00
13 iyun 2025-ci il tarixində Şəki Regional Elmi Mərkəzdə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş dahi "Üzeyir Hacıbəylinin jurnalistik fəaliyyəti" mövzusunda elmi seminar keçirilib.
Ümummilli Lider Heydər Əliyevin, dahi bəstəkar Üzeyir Hacıbəylinin, torpaqlarımızız ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri açan Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil.e.d., dos. Kamil Adışirinov Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamından irəli gələrək dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinin ölkənin hər yerində yüksək səviyyədə qeyd olunduğunu, bu istiqamətdə tədbirlərin təşkil edildiyini diqqətə çatdırıb, Üzeyir Hacıbəylinin bəstəkarlıq fəaliyyəti, mədəniyyətimizə verdiyi töhfələrlə yanaşı, zəngin publisistik irsə malik olduğunu qeyd edib və sözü "Üzeyir Hacıbəyli və mətbuat: jurnalistik yol" mövzusunda çıxış etmək üçün Tural Adışirinova verib.
Tural Adışirinov Üzeyir Hacıbəylinin 1904-1920-ci illərdə publisistik fəaliyyət göstərdiyini, onun "Kaspi", "Həyat", "İrşad", "Həqiqət", "İqbal", "Yeni iqbal", "İttihad", "Azərbaycan", qəzetlərində, "Molla Nəsrəddin", "Məktəb" jurnallarında elm, tərəqqi, təhsil, tərbiyə məsələlərinə həsr edilmiş alovlu məqalələrlə mətbuat səlnaməsinə silinməz izlər qoyduğunu bildirib. Publisistin "Azərbaycan" qəzetindəki redaktorluq və jurnalistik fəaliyyətini Azərbaycan mətbuat tarixinin mühüm mərhələsi hesab edildiyini vurğulayıb.
Sonra söz Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin rəhbəri Təranə Abdullayevaya verilib. O, "Üzeyir Hacıbəyli sənəti və onun yetirmələri: Şəfiqə Axundova fenomeni" adlı çıxışında milli bəstəkarlıq məktəbinin bünövrəsini qoymuş sənət idealı Üzeyir Hacıbəylinin izi ilə addımlayan, muğam və mahnı dünyasında öz dəsti-xətti olan, Şərqdə ilk opera yazan qadın Şəfiqə Axundovanın keşməkeşli həyat yollarından danışıb, bəstəkarın müəllimi ilə bağlı xatirələrinə işıq tutub.
Bildirib ki, müəllifi olduğu 600-dən çox mahnı və romans, misiqili komediyalar, tamaşalara bəstələnmiş musiqilər, "Gəlin qayası" operası Şəfiqə Axundovanın fenomen bir bəstəkar, layiqli tələbə olmasının bariz nümunəsidir.
Landşaftşünaslıq şöbəsinin rəhbəri, geol-min.ü.f.d. Hüseyn Mustafabəyli çıxış edərək Üzeyr Hacıbəylinin böyük vətənpərvər olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan millətinin birliyinin yaranması musiqi ilə olub, bu ruhun qarşısında fəlsəfə də, ideologiya da cılız qalır. Bəstəkarın azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş yüksək mənəvi-estetik dəyərə malik irsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında misilsiz vasitədir.
Hüseyn Mustafabəyli əlavə edib ki, Üzeyir Hacıbəyli musiqisi həm dünyəvi, həm milli xarakterə malik unikal sənət abidəsidir, dünya musiqisi içərisində heç bir musiqiyə bənzəmir çünki onda tam milli ruh var, bəstəkarın "Leyli və Məcnun" operasında "qara bəxtim oyanmazmı?" ifadəsi ilə sanki ağrılı-acılı millətin Allaha yalvarışı səslənir. Burada eyni zamanda zəriflik, xəlqilik, aristokratlıq, incəlik, gözəllik, ali düşüncəlilik də var ki, bunlar da əsərin mürəkkəbliyini şərtləndirən əsas amildir.