AMEA-nın Şəki Regional Elmi Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
İyn 13, 2025 | 03:00
İyn 13, 2025 | 03:00
İyun ayının 13-də Şəki Regional Elmi Mərkəzdə 15 iyun Milli Qurtuluş Günü qeyd edilib.
Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və bölünməzliyi uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsi yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tədbiri açan Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil.e.d., dos. Kamil Adışirinov hər bir xalqın tarixində onun taleyini həll edən günlərin olduğunu, Milli Qurtuluş Gününün xalqımızın müasir dövlətçilik tarixində dönüş nöqtəsi rolunu oynadığını, dünya xalqları sırasında siyasi liderlik baxımından Azərbaycan xalqının hər zaman fərqləndiyini qeyd edib. O, Ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunub saxlanması və respublikamızın gələcək inkişafında həlledici rol oynadığını diqqətə çatdırıb və sözü Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin elmi işçisi Elşən Abdurahmanova verib.
Elşən Abdurahmanov məruzəsində Milli Qurtuluş Gününə aparan yolun tarixi köklərindən bəhs edib, Azərbaycan xalqının keçdiyi bu çətin yola nəzər salaraq Ümummilli lider Heydər Əliyevin hərtərəfli siyasi fəaliyyətinə diqqət çəkib. Ulu öndərin həyata keçirdiyi siyasi tədbirləri xronoloji ardıcıllıqla, sinxron formada nəzərə çatdırıb. Qeyd edib ki, Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə respublikada sabitliyin qorunması, sosial, iqtisadi, mədəni, hərbi və bütün sahələrdə inkişaf, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması, ordu quruculuğu siyasətinin aparılması, uğurlu diplomatik addımların atılması, neft strategiyasının əsasının qoyulması və bütün bunların elm və təhsilin inkişafına müsbət təsiri uğurlu siyasi addımların bir hissəsidir. Təməli Ümummilli lider tərəfindən qoyulan siyasi addımların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin dünyaya dahilər bəxş edən Azərbaycan xalqının rifah halının yüksəldilməsinə və dövlətin inkişafına yönələn mühüm addımlardan olduğunu diqqətə çatdırıb.








