AMEA-nın Şəki Regional Elmi Mərkəzində Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib
İyn 11, 2025 | 03:00
İyn 11, 2025 | 03:00
11 iyun 2025-ci il tarixində Şəki Regional Elmi Mərkəzdə Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş "Bəxtiyar Vahabzadə və Şəki ədəbi mühiti: təsirlər, tövsiyələr" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Şəki şəhər ziyalıları iştirak ediblər.
Ulu öndər Heydər Əliyevin, Bəxtiyar Vahabzadənin, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi yad edilib.
Əvvəlcə Bəxtiyar Vahabzadənin həyatından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri açan Şəki REM-in baş direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü qonaqları salamlayıb, belə mötəbər tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışarkən bildirib ki, XX əsrin 60-cı illərində şairin məhz Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində senzuranın ağır mühakiməsindən xilas olması, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalaması ədəbiyyata, elm xadimlərinə olan diqqət və qayğının göstəricisidir.
Sonra söz Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil.e.d., dos. Kamil Adışirinova verilib.
Kamil Adışirinov "Bəxtiyar Vahabzadənin XX əsr Azərbaycan poeziyasında yeri və rolu" mövzusunda geniş məruzə edib.
Qeyd edib ki, XX əsr Azərbaycan ədəbiyyatının ən ziddiyyətli, keşməkeşli dövrü olsa da, Bəxtiyar Vahabzadə sosialist-realizminin tüğyan etdiyi bir dövrdə milli şüur, millət, xalq, vətəndaş, milli birlik mövzularını təbliğ edən şairlərdəndir və yaradıcılığında sosializmi, onun qəhrəmanlarını əks etdirən tək bir əsərə belə rast gəlinmir.
Məruzəçi "Bəxtiyar Vahabzadə 1000 il bundan əvvəl və min il bundan sonranın şairidir" fikrini əsas gətirərək şairin dahi Nizaminin, Füzulinin yaradıcılığından ilhamlanaraq böyük əsərlər yaratdığını və əcdadlarının ruhunu ləyaqətlə daşıdığını və gələcək nəsillərə ötürdüyünü vurğulayıb.
"Azərbaycan poeziyasının sönməz işığı" mövzusunda çıxış etmək üçün söz tədqiqatçı filoloq Səhər Rzayevaya verilib. Məruzəçi Bəxtiyar Vahabzadənin fəlsəfi şeirin görkəmli nümayəndəsi olmasından, istənilən mövzuda əsərlərində fəlsəfi fikirlərini sadə dillə ifadə edərək oxuculara çatdırmasından danışıb. Şairin "Özümüzdən öyrənək", "Qorxu", "Şairin harayı" şeirlərindən nümunələr gətirərək fikirlərini əsaslandırıb.
Söz Şəki şəhər 10 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəfəq Xəlilovaya verilib. Məruzəçi "Bəxtiyar Vahabzadənin yaradıcılığında Şəki motivləri: milli ruh və vətənpərvərlik prizmasından" adlı çıxışında Şəki mövzusunun şairin yaradıcılığından qırmızı xətlə keçməsini qeyd edib, xalq ruhundan süzülüb gələn poetikliyin insanı özünə, kökünə bağlamasından və nəhayət, bu əsərlərin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə təsirindən danışıb.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb.
Sabir Rəhmanın Ev muzeyinin baş fond mühafizi Aydın Salis oğlu Məmmədov Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasının ilk dəfə nəşr edildiyi "Şəki fəhləsi" qəzeti və qəzetin sonrakı taleyi haqqında məlumat verib. Qəzetin 1960-cı il iyul və oktyabr nəşrlərində poemadan parçaların dərc edildiyini diqqətə çatdırıb.
Sonda şəkili şairlər-Gülarə İnci və Əhməd Zəyzidlinin Bəxtiyar Vahabzadəyə həsr olunmuş şeirlər dinlənilib.








