Şəkidə elmi-praktiki konfrans keçirilib
Apr 18, 2025 | 04:00
Apr 18, 2025 | 04:00
18 aprel 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi MKS-nin İ.Nakam adına Mərkəzi Kitabxanada Azərbaycan milli opera sənətinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ilə əlaqədar "Üzeyir Hacıbəylinin musiqi dünyası" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfrasda Bakı Dövlət Universitetinin, ADPU-nun Şəki filialının tələbələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının, dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi yad edilib.
Tədbiri açan Şəki MKS-nin İ.Nakam adına Kitabxananın xidmət şöbəsinin müdiri Dilbər Yaqubova qonaqları salamlayıb, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, tədbirin işinə uğurlar arzulayıb. O, Azərbaycan milli musiqisini dünya səviyyəsinə çatdıran, yaratdığı əsərlərlə milli musiqi tariximizi zənginləşdirən dahi bəstəkar Üzeyir Hacıbəylinin yubileyinin məhz İ.Nakam adına Mərkəzi Kitabxanada qeyd edilməsindən məmnunluğunu ifadə edib və sözü Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil.e.d.,dos. Kamil Adışirinova verib.
Kamil Adışirinov "Azərbaycanın ədəbi-mədəni, ictimai-siyasi fikrinin inkişafında Üzeyir Hacıbəyli fenomeni" mövzulu çıxışında Üzeyir Hacıbəylinin təkcə Azərbaycanın musiqi tarixində deyil, eləcə də ədəbiyyatında, mətbuatında, ictimai-siyasi həyatındakı xidmətlərindən danışıb, bu fenomen şəxsiyyətin xalqımız tərəfindən həm də yazıçı, publisist, jurnalist, ictimai və siyasi xadim kimi qiymətləndirildiyinə, sevildiyinə diqqət çəkib. Dosent Ümummilli lider Heydər Əliyevin bəstəkarın Azərbaycan xalqı qarşısında xidmətlərini yüksək qiymətləndirdiyini söyləyib. Qeyd edib ki, bəstəkarın ev muzeyinin açılması, doğum günü olan 18 sentyabr tarixinin "Milli Musiqi Günü" kimi qeyd olunması haqqında Sərəncam, Prezident cənab İlham Əliyevin dahi bəstəkarın 140 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncamı Üzeyir Hacıbəyli sənətinə və şəxsiyyətinə verilən dəyərin ən gözəl nümunəsidir.
Sonra Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin rəhbəri Təranə Abdullayeva "Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafında yeri və rolu" mövzusunda məruzə edib. Gənc tədqiqatçı Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin həm nəzəriyyəçisi, həm də praktik yaradıcısı kimi tarixə düşməsindən, fəaliyyətinin milli musiqi sənətimizin inkişafına, klassik və xalq musiqisinin sintezinə, milli musiqi sənətimizin formalaşmasına xidmət etməsindən danışıb.
Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin elmi işçisi Tural Adışirinov "Üzeyir Hacıbəylinin publisistikası" mövzusu ətrafındakı geniş çıxışında Üzeyir Hacıbəylinin həm açıq, həm də gizli imza ilə "Molla Nəsrəddin", "İrşad", "Kaspi", "Yeni iqbal", "Tərəqqi" və başqa bir sıra jurnal və qəzetlərdə çap olunduğunu diqqətə çatdırıb. O, publisistin 67 gizli imzasının bu gün elm aləminə məlum olması ilə bağlı faktlara diqqət çəkib. Məruzəçi Üzeyir Hacıbəyli publisistikasının milli özünüdərk baxımından mühüm əhəmiyyət daşıdığını, milli düşüncəni oyatmağa xidmət etdiyini də qeyd edib.
Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin əməkdaşı Sevər Əhmədova "Üzeyir Hacıbəylinin maarifçilik görüşləri" haqqında məruzə edib. Məruzəçi Üzeyir Hacıbəylinin Avropa maarifçi filosoflarının ideyalarından faydalanaraq, onları milli kontekstdə öz pedaqoji fəaliyyətində tətbiq etməsindən danışıb, onun təlim, tərbiyə ilə bağlı görüşlərinin bütövlükdə yaradıcılığında əks olunduğunu nəzərə çatdırıb.
Bədii hissədə Şəki Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin əsərlərindən nümunələr səsləndirilib.
Elmi-praktiki konfrans "Koroğlu" uvertürasının səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, tədbir Kanal S tərəfindən işıqlandırılıb.








