
Şəki Regional Elmi Mərkəzdə növbəti Elmi Şura iclası keçirilib
Mart 18, 2025 | 12:00
Mart 18, 2025 | 12:00
17 mart 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin növbəti Elmi Şura iclası keçirilib.
İclasda 14 nəfər Elmi Şura üzvü, elmi işçilər iştirak ediblər.
İclası açan Şəki REM-in baş direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib, gündəlik səsə qoyularaq qəbul edilib.
Gündəlikdəki ilk məsələ "AMEA-nın Şəki REM-nin 2025-ci il üçün Elmi Şura üzvlərinin yeni siyahısının təsdiq edilməsi" haqqında Yusif Şükürlü məlumat verib. Bildirib ki, 2025-ci ildən Elmi Şuranın yeni tərkibi 15 nəfər elmlər doktoru və fəlsəfə doktorundan ibarət elmi heyət olaraq təsdiqlənib. Direktor Şəki REM-in gələcək elmi fəaliyyətində daha böyük uğur və nailiyyətlər əldə edəcəyinə inamını ifadə edib.
Gündəlikdəki ikinci və üçüncü məsələlər "Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin keçirilməsinə dair tədbirlər planının hazırlanması və icrası barədə", "Azərbaycan Respublikası Prezidentinin "Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında" 03 fevral 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr"i elmi işlər üzrə direktor müavini, fil.e.d., dos. Kamil Adışirinov diqqətə çatdırıb. Qeyd edib ki, göstərilən məsələlərlə bağlı 2025-ci il ərzində 9 tədbirin icra edilməsi nəzərdə tutulur.
Bio.ü.f.d. Fərhad Əzizov Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı təklif səsləndirib. O, "Üzeyir Hacıbəylinin bəstəkarlıq məktəbi və Şəki" mövzusunda tədbirin təşkil edilməsinin zəruri olduğunu nəzərə çatdırıb, təklif səsə qoyularaq qəbul edilib.
Gündəlikdəki növbəti məsələ "AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının tərkibində dəyişiklik edilməsi haqqında 07 mart 2025-ci il tarixli qərarı barəsində" Elmi katib Vəfa Atayeva məlumat verib. O, şura iştirakçılarını Redaksiya-Nəşriyyat Şurasının yeni tərkibi ilə tanış edib.
Gündəlikdəki dördüncü məsələdə Şəki REM-in "İKSAD Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin 100-cü ildönümü münasibəti ilə "VII Beynəlxalq Bəxtiyar Vahabzadə Türk Dünyası Dil, Tarix, Mədəniyyət və Ədəbiyyat Konfransı"na tərəfdaş olaraq qoşulması qərara alınıb və konfransın elmi komitəsi üçün 6 nəfərdən ibarət elmi heyət müəyyənləşdirilib.
Cari məsələlərdə:
"Azərbaycan təhsil tarixinə dair oçerklər" kitabının çapa tövsiyə edilməsi ilə bağlı qərar qəbul edilib.
Şəki REM-də yeni şöbənin yaradılması zərurəti ortaya çıxdığından digər iki şöbənin adında dəyişiklik edilməsinə və şöbələrin adının aşağıdakı kimi formalaşdırılmasına qərar verilib:
1.Ədəbi-mədəni mühit və folklor şöbəsi;
2. Tarix və epiqrafika şöbəsi;
3. Arxeologiya və etnoqrafiya şöbəsi.
Bitkilərin biomüxtəlifliyi və Genofond şöbəsinə müdir vəzifəsinə və kiçik elmi işçi vəzifələrinə seçki keçirilib. Biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov Bitkilərin biomüxtəlifliyi və Genofond şöbəsinin müdiri vəzifəsinə, Songül Məmmədova və Aygün Babazadə kiçik elmi işçi vəzifələrinə seçiliblər.
Əməkdaşlarımızı təbrik edir, uğur arzulayırıq.