AMEA-nın Şəki Regional Elmi Mərkəzində dəyirmi masa keçirilib
Mart 06, 2025 | 04:44
Mart 06, 2025 | 04:44
6 mart 2025-ci il tarixində Şəki Regional Elmi Mərkəzdə dahi bəstəkar, ictimai xadim, görkəmli maarifçi-pedaqoq Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib.
Tədbiri açan Şəki REM-in baş direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş qüdrətli sənətkar Üzeyir Hacıbəylinin 140 illiyinin keçirilməsinin yalnız xalqımızın musiqi mədəniyyətinin deyil, həm də milli mənəviyyatımızın təbliğ olunması baxımından əhəmiyyətindən danışıb, bu xüsusda ölkənin hər yerində silsilə yubiley tədbirlərinin keçirildiyini vurğulayıb.
Sonra Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, fil.e.d.,dos. Kamil Adışirinovun "Üzeyir Hacıbəylinin maarifçilik fəaliyyəti" mövzusunda məruzəsi dinlənilib.
Dosent Üzeyir Hacıbəylinin milli operamızın banisi, istedadlı jurnalist, Azərbaycan ictimai fikir tarixində özünəməxsus yer tutan görkəmli ictimai-siyasi xadim olmaqla yanaşı, həm də görkəmli pedaqoq, uşaqlar üçün dərslik müəllifi, musiqi məktəbinin və konservatoriyanın təşkilatçısı olmasına diqqət çəkib.
Kamil Adışirinov böyük mütəfəkkirin maarifçilik görüşlərindəki millətin tərəqqisi və oyanışında, milli dirçəliş və özünüdərk hisslərinin yaranmasında, xalqın mədəni yüksəlişində maarif, təhsil, elm və mədəniyyətin vəhdətini, milli istiqlala aparan yolun ana dilində tədrisdən keçməsini, Şərq və Qərb mədəniyyətinin sintezinin vacibliyi kimi mühüm məsələləri nəzərə çatdırıb. Həmçinin Üzeyir Hacıbəyli yaradıcılığında Azərbaycan dili ilə bağlı lüğətlərin tərtibinin xüsusi yer tutmasının vacib amil olduğunu qeyd edib.
Dəyirmi masa müzakirələr ətrafında davam edib.








