AMEA-nın Şəki Regional Elmi Mərkəzində Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş tədbir keçirilib
Fev 28, 2025 | 01:00
Fevral ayının 28-də Şəki Regional Elmi Mərkəzdə 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Mülki müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şəki REM-in əməkdaşları və FHN-nin Mülki Müdafiə qoşunlarının N saylı Xilasetmə Taborunun zabitləri C.Əhmədli və E.Abdullayev iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Qarabağın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Şəki REM-in baş direktoru, fiz.ü.f.d., dosent Yusif Şükürlü Mülki Müdafiə tədbirlərinin keçirilməsinin hər bir ölkə, hər bir qurum üçün vacib olduğunu qeyd edib. Direktor Şəki REM-də də bu sahədə davamlı olaraq müvafiq tədbirlərin və illik iş planına əsasən dərslərin keçirildiyini vurğulayıb, Mülki Müdafiənin təşkili sahəsində aparılan maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb.
Sonra Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimovun məruzəsi dinlənilib.
Daha sonra FHN-nin strukturunda xidmət edən zabitlərdən Cavidan Əhmədli və Elmir Abdullayev çıxış ediblər. Çıxışlarda son illər dünyada yeni texnologiyaların yaranmasının bütün sahələrə təsirinin olduğu qeyd edilərək, Mülki Müdafiənin təşkili sahəsində aparılan hazırlıq işlərində yeni yanaşmalardan və əhalinin təhlükəsizliyinin maksimum təmin edilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsindən bəhs edilib.
Tədbir Mülki Müdafiə təlimlərinə həsr olunmuş videoçarxın nümayiş etdirilməsi ilə başa çatıb.