Şəki Dövlət Regional Kollecin tələbələri Şəki REM-də təcrübədədirlər
Fev 24, 2025 | 01:00
Fev 24, 2025 | 01:00
24 fevral 2025-ci il tarixində Şəki Dövlət Regional Kollecin “Meşə və park təsərrüfatı” fakültəsinin III kurs tələbələri AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Bitkilərin biomüxtəlifliyi və genofond şöbəsində elmi, texnoloji təcrübədədirlər.
Bitkilərin biomüxtəlifliyi və genofond şöbəsinin baş aqronomu İlqar Seyidzadədən aldığımız məlumata görə, tələbələrin Genofond bağı ilə tanışlığından sonra, şöbənin rəhbəri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Mübariz Paşayevlə görüşləri təşkil edilib. Mübariz Paşayev tələbələri tinglik təsərrüfatının təşkili, aqrotexniki işlərin aparılması qaydaları haqqında məlumatlandırıb, Şəki-Zaqatala bölgəsinin dağ-meşə qurşağında bitki biomüxtəlifliyi, biomüxtəlifliyin qorunması və artırılması üçün zəruri tədbirlər, meşələrin qorunması və bərpası işlərinin aparılması istiqamətində məsləhətlərini verib.
Daha sonra Şəki REM-in əməkdaşı Yusif Rəhimov tələbələrə antropogen meşə əkinçiliyi haqqında danışıb, bu zaman meşə ilə bərabər ərazinin heyvanat aləminin də zənginləşdiyini qeyd edib.
O, həmçinin şimal-qərb bölgəsində turizm potensialının inkişaf etdirilməsi, ekoturizm, ekoturizmin əsas mahiyyəti kimi əhəmiyyətli mövzular ətrafında tələbələrlə müzakirələr aparıb. O qeyd edib ki, ekoturizmin əsas məqsədi təbiətin məqsədyönlü şəkildə qorunmasını təmin etməkdir və ekoloji təmiz mühit, saf su, təmiz havadan istifadə edə bilməyin yolu ətraf mühitə zərər verməyən, təbii sərvətlərin qorunmasını təmin edən və onlardan pərakəndə istifadəni məhdudlaşdıran ekoturizmdən keçir.
Mövzu ətrafında geniş müzakirələr aparılıb.
Onu da qeyd edək ki, tələbələrin təcrübə müddəti bir ay davam edəcəkdir.








