21 fevral tarixi dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir
Fev 21, 2025 | 11:24
Fev 21, 2025 | 11:24
Beynəlxalq Ana Dili Günü 1999-cu ildən Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən elan edilib.
Dil millətin varlığının əsas göstəricisi, mənəvi irsinin, milli-mənəvi dəyərlərinin qoruyucusu və ötürücüsü funksiyasını öz üzərində daşıyan ən güclü vasitədir. Bizim bir insan və vətəndaş kimi əsas vəzifəmiz dilimizi mükəmməl bilmək, onu qoruyaraq inkişaf etdirməkdir.
İnsanların dünyagörüşünün artmasında, mükəmməl təhsilə yiyələnməsində, ünsiyyət qura bilməsində, xalqın milli-mənəvi dəyərlərinin tanıdılmasında, milli varlığın qorunub saxlanmasında ana dili başlıca rol oynayır.
Ana dilini mükəmməl bilmək hər bir insan üçün başqa xalqların dilini öyrənmək, onların mədəniyyəti ilə tanış olmaq imkanını artırır.
Azərbaycan xalqının dövlət dili Azərbaycan dilidir. Ümummilli lider Heydər Əliyevin xalqımıza olan sevgisinin, dilimizə olan sonsuz məhəbbətinin və qayğısının nümunəsi, ana dilinin qorunması və inkişaf etdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində atılan mühüm addımlardan biri 2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanundur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı günümüzdə və gələcəkdə ana dilinin inkişaf etdirilməsi istiqamətində görüləcək işlərə dövlət dəstəyi və qayğısının təzahürüdür.
Günümüz mübarək, əziz həmvətənlər, Azərbaycan dilinin sadiq daşıyıcıları və qoruyucuları.








