"Milli birlik və vətənpərvərlik simvoluna çevrilmiş 20 Yanvar" mövzusunda online elmi konfrans keçirilib
Yan 17, 2025 | 03:38
17 yanvar 2025-ci il tarixində AMEA-nın Lənkəran Elmi Mərkəzinin təşkilatçılığı ilə "Milli birlik və vətənpərvərlik simvoluna çevrilmiş 20 Yanvar" mövzusunda online elmi konfrans keçirilib.
Konfransda AMEA Mərkəzi Elmi Kitabxananın, AMEA Gəncə Bölməsinin, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin, AMEA-nın Lənkəran Elmi Mərkəzinin, AMEA Şərqşünaslıq İnstitutunun, ADPU-nun Şamaxı filialının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin alimləri çıxış ediblər.
Şəki Regional Elmi Mərkəzin direktoru, f.ü.f.d., dos. Yusif Şükürlü "20 Yanvar qan yaddaşımızdır" adlı çıxışında 20 Yanvarın sovet imperiyasının əsarətində yaşayan Azərbaycan xalqının azadlıq səsinin ucaldığı, suverenlik uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli tarix, oyanış günü olduğunu qeyd edib, xalqımızın 1990-cı ilin 20 Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadığını vurğulayıb. Məruzəçi ümummilli lider Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli Bəyanatına diqqət çəkərək həmin Bəyanatın müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan bu faciəyə verilən ilk siyasi qiymət olduğunu bildirib.
Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Akif Məmmədli "Azadlığa gedən yolumuz 20 Yanvardan keçir" adlı məruzəsində 20 Yanvar tarixinin Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı olduğunu, xalqın Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdiyini söyləyib.
Tarix, arxeologiya və epiqrafika şöbəsinin elmi işçisi Elçin Vəliyev "20 Yanvar faciəsi dünya ictimaiyyətinin gündəmində" mövzusu ilə çıxış edərək bildirib ki, Azərbaycan xalqının başına gətirilən qanlı faciə ulu öndər Heydər Əliyevin sayəsində ilk siyasi-hüquqi qiymətini alıb, hadisədən dərhal sonra ümummilli lider qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edərək ifşaedici və cəsarətli bir bəyanat verib. Məruzəçi faciənin təbliğində gənclərin rolu, vətənpərvər ruhda müasir gənc nəslin yetişməsində Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəsna fəaliyyətləri barədə məlumat verib.
Sonda iştirakçılar belə anım tədbirlərinin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulayıb və milli yaddaşın qorunmasının önəmini qeyd ediblər