Şəki Regional Elmi Mərkəz yeni nəşr olunmuş kitabla AMEA-da Cop29-a həsr edilmiş sərgiyə qatılıb
Noy 18, 2024 | 03:00
Noy 18, 2024 | 03:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzində geol.-min.ü.f.d. Hüseyn Mustafabəyli, Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlünün müəllifliyi ilə nəşr edilən "Qarabağ və Şərqi Zəngəzur bölgələrinin təbii resursları və onların landşaft-diaqnostik xüsusiyyətləri" kitabı AMEA-da Cop29-a həsr edilmiş sərgidə nümayiş etdirilib.
Bio.ü.f.d.,dos. Zərbalı Xəlilovun elmi rəhbərliyi, bio.ü.f.d. Fərhad Əzizovun və coğ.ü.f.d. Qafqaz Ağabalayevin rəyləri ilə işıq üzü görən kitab BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) və Azərbaycan Respublikasının zəngin təbii resurslara malik regionlarından olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrinin 30 illik erməni işğalı altında pozulmuş landşaftlarının mövcud vəziyyətinin qiymətləndirilməsinə həsr edilib.Kitabın hazırlanmasında məqsəd landşaftşünaslıq elminin imkanlarından, dünyanın digər əraziləri, xüsusilə qonşu Şəki-Zaqatala bölgəsində aparılmış elmi-tədqiqat işlərində qazanılan təcrübələrdən istifadə etməklə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin pozulmuş landşaftlarının bərpa işlərinə köməklik göstərilməsidir.
Qeyd edək ki, təbiət elmləri üzrə təhsil alan tələbələr, magistrlər, elmi işçilər-ekoloqlar, geoloqlar, coğrafiyaçılar, torpaqşünaslar, landşaftşünaslar, aqronomlar və s. ixtisas sahibləri kitabdan faydalana bilərlər.
Sözügedən kitabdan istifadə etmək istəyənlərin nəzərinə çatdırırıq ki, "Qarabağ və Şərqi Zəngəzur bölgələrinin təbii resursları və onların landşaft-diaqnostik xüsusiyyətləri" kitabı AMEA-nın Mərkəzi Elmi Kitabxanasının elektron kataloquna yerləşdirilib.
Həmçinin Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Kitabxanasının fonduna təqdim edilib. Kitabın ərsəyə gəlməsində əziyyəti olan elmi heyəti təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.