Şəki REM-də Milli Dirçəliş Günü qeyd edilib
Noy 15, 2024 | 01:22
15 noyabr 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və “Narınqala” Folklor Evinin əməkdaşlarının iştirakı ilə, birgə əməkdaşlıq çərçivəsində “Milli Dirçəliş Günü” qeyd edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi yad edilib.
Əvvəlcə, Şəki REM-in ümumi işlər üzrə direktor müavini, bio.ü.f.d. Fərhad Əzizov milli dirçəliş hərəkatının Azərbaycanın müstəqilliyinin bərpa edilməsinə gedən yolda xalqın qəhrəmanlıq tarixinin əsas hadisələrindən biri olduğunu qeyd edib, 17 günlük “Meydan hərəkatı”nın Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ olaraq tarixə həkk olunduğunu vurğulayıb.
Sonra söz Şəki Regional Elmi Mərkəzin Tarix arxeologiya və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d Rahim Həsənova verilib. O, “Müstəqilliyin bərpasına gedən yol” mövzusunda çıxış edib. Məruzəçi Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr - Milli Dirçəliş Gününün ölkənin müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadığından, mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 50-ci illərindən götürən bu tarixin sonralar Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldığından, ümummilli liderin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan, müstəqil Azərbaycanın müasir inkişaf yoluna qədəm qoyduğundan danışıb. Rahim Həsənov əlavə edib ki, 1988-ci ildə BMT tərəfindən məhz Azərbaycan xalqının milli mübarizəsinin göstəricisi olaraq “İlin xalqı” adlandırılması faktı da olduqca diqqətəlayiq və qürurvericidir.
Şəki REM-in Landşaftşünaslıq şöbəsinin rəhbəri geol.-min.ü.f.d. Hüseyn Mustafabəyli tarixən keşməkeşli yol keçən, əsrlərin sınaqlarından çıxan Azərbaycan xalqının müstəqil dövlətə sahib olmaq naminə əzmkarlıqla apardığı mübarizədən və azadlıq uğrunda mücadilədən bəhs edib. O, xalqın məhz mübarizələrlə dolu tarixi yol keçərək azadlıq, müstəqillik və dirçəliş yoluna qovuşduğunu da vurğulayıb.
Daha sonra söz “Narınqala” Folklor Evinin bədii rəhbəri Günay Məmmədovaya verilib. O, XX əsrin 80-ci illərinin sonunun Azərbaycan xalqının siyasi oyanışı, siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirildiyini, milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatının müstəqilliyin bərpasına təkan verdiyini, Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində bu gün Azərbaycanın dünyada söz sahibi olan dövlətə çevrildiyini qeyd edib.
“Narınqala” Folklor Evinin metodisti Yasin Məmmədov milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi-siyasi yolda Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan mənəvi, psixiloji, iqtisadi bazanın Sovetlər Birliyi dağıldıqdan sonra xalqın dayağı olmasını diqqətə çatdırıb.
Sonda “Narınqala” Folklor Evinin direktoru Zeynəb Qaffarova birgə əməkdaşlığa görə Şəki REM-in rəhbəri, f.ü.f.d., dos. Yusif Şükürlüyə təşəkkür bildirib, xalqımızı birlik, qürur və əzmkarlıq simvolu olan Milli Dirçəliş Günü münasibətilə təbrik edib.