Şəki REM-də "Zəfər günümüz qürur günümüzdür" adlı tədbir keçirilib
Noy 07, 2024 | 04:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzində 8 Noyabr-Zəfər Günü, 9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə "Zəfər günümüz qürur günümüzdür" adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.
Tədbiri açan Şəki REM-in direktoru fiz.ü.f.d.,dos. Yusif Şükürlü xalqımızı hər iki bayram münasibətilə təbrik edib, işğal edilmiş torpaqlarımızın qaytarılması ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirib. O Vətən müharibəsində Azərbaycan xalqının öz lideri- müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirməsini vurğulayıb.
Sonra söz Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənova verilib. Məruzəçi "Zəfər gününə aparan yol" adlı çıxışında geostrateji mövqeyinə və təbii sərvətlərinə görə daim diqqət çəkən və yadellilər tərəfindən işğala məruz qalan Azərbaycanın XXI əsrdə öz ərazi bütövlüyünü bərpa etməsinin lider-xalq-ordu birliyinin nəticəsi kimi qiymətləndirilməsini təqdirəlayiq hesab etdiyini bildirib. O, tarixi faktlar əsasında Azərbaycan xalqının qəhrəmanlığının, mübarizə əzminin qədim köklərə söykəndiyini və bu genetik kodların daşıyıcısı olan Ulu öndər Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində Prezident İlham Əliyevin qurduğu Azərbaycan dövlətinin bu gün dünyada söz sahibi olduğunu, böyük iqtisadi və hərbi gücə malik qüdrətini diqqətə çatdırıb.
Şəki REM-in əməkdaşı, Vətən müharibəsi iştirakçısı Ruslan Səmədov xalqımızı şərəfli bayram-Zəfər Günü münasibətilə təbrik edib, Azərbaycanın bütövlüyünün qorunub saxlanmasında daim Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən Vətən oğullarından biri olmasından qürur duyduğunu bildirib.
Sonda Zəfər Günü ilə bağlı videoçarx nümayiş etdirilib