
AMEA-nın Şəki Regional Elmi Mərkəzində seminar keçirilib
Noy 05, 2024 | 12:00
Noy 05, 2024 | 12:00
05 noyabr 2024-cü il tarixində AMEA-nın Şəki REM-nin “Ekoloji biofizika” şöbəsinin elmi işçisi Zərintac Şükürovanın "Saturnia pyri vəhşi ipəkqurdunun əsas yem bitkisi olan Prunus avium (gilas) ağacının zərərvericisi Stephanitis pyri həşaratının bioekologiyası və onunla mübarizə aparılması xüsusiyyətləri" mövzusunda məruzəsi dinlənilib.
Seminarda Şəki REM-in elmi işçiləri iştirak ediblər.
Məruzəçi ARTN Zoologiya İnstitutu ilə AMEA-nın Şəki REM-i arasında qarşılıqlı elmi-tədqiqat müqaviləsi əsasında apardığı tədqiqat işinin gedişatı haqqında qısa hesabat xarakterli çıxış edib.
Zərintac Şükürova tumlu və çəyirdəkli meyvə bitkilərinin Stephanitis pyri (Fabricius 1775) zərərvericisinin bioloji təsnifatı, inkişaf mərhələləri haqqında məlumatları diqqətə çatdırıb, növün coğrafi arealında yayılması, zərərvermə potensialı, növün ekologiyasının təhlili haqqında geniş izah verib.
Zərintac Şükürova həmçinin ipəkçilikdə istifadə olunması məqsədi ilə yetişdirilən Saturniya pyri vəhşi ipəkqurdunun yem bitkisi olan bir sıra Rosaceae ailəsinə aid meyvə bitkilərinə ciddi ziyan vurduğunu və gələcəkdə bu ipəkqurdunun yem bazasına mənfi təsir ehtimalinın yarana biləcəyini vurğulayıb.
Sonda, məruzəçi bitkilərin Stephanitis pyri zərərvericisindən qorunması üçün aparıla biləcək profilaktik tədbirlər barəsində söhbət açıb, təkliflər verib.
Disskusiya xarakterli seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.