Şəki REM-in təşkilatçılığı ilə "Tullantılara həyat verək" mövzusunda dəyirmi masa keçirilib
Okt 25, 2024 | 04:39
Okt 25, 2024 | 04:39
25 oktyabr 2024-cü il tarixində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Şəki REM-in təşkilatçılığı və Şəki Tibb Kollecinin dəstəyi ilə "Tullantılara həyat verək" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Şəki REM-in əməkdaşları- Elmi katib Vəfa Atayeva, Ekoloji coğrafiya şöbəsinin rəhbəri, coğ.ü.f.d. Qafqaz Ağabalayev, şöbənin elmi işçiləri Aqil Mustafayev, Aygün İsmayılova, Ekoloji biofizika şöbəsinin rəhbəri Yevgeniya Bəkirova, Şəki Tibb Kollecinin müəllim və tələbələri iştirak ediblər.
Tədbiri açan Şəki Tibb kollecinin direktoru Elmira Hacıyeva qonaqları və iştirakçıları salamlayıb, təşkilatçılara-xüsusilə Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlüyə təşəkkürünü bildirib, tədbirin işinə uğurlar arzulayıb, onun keçirilməsinin əhəmiyyətindən danışıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu yad edilib.
Əvvəlcə, söz Şəki REM-in Landşaftşünaslıq şöbəsinin rəhbəri, geol.-min.ü.f.d. Hüseyn Mustafabəyliyə verilib. Məruzəçi "Qlobal istiləşmənin yaranma səbəbləri və yaşıl dünyanın qorunması" adlı çıxışında qlobal iqlim dəyişikliyinin yaranma səbəbləri, insanların iqlimə və mikroiqlimə təsir yolları, iqlim dəyişikliyinə təsir edən sənaye təsərrüfat sahələri, insanların antropogen fəaliyyəti nəticəsində səbəb olduqları iqlim dəyişmələri kimi vacib amillərə diqqət çəkib.
Sonra "Yaşıllıqların insanlar üçün əhəmiyyəti" mövzusu ilə çıxış edən Şəki Tibb Kollecinin gigiyena müəllimi Günel Süleymanova yaşıllaşdırmanın təkcə oksigen mənbəyi olması yox, həm də yaşıllıqların insanlarda pozitiv ruh yaratmasından, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılmasını təmin etməsindən, turizm fəaliyyəti kimi iqtisadi səmərəliliyindən, ekoloji vəziyyətin normallaşmasında müstəsna rol oynamasından danışıb.
Daha sonra Şəki REM-in Ekoloji biofizika şöbəsinin rəhbəri Yevgeniya Bəkirova "Bitki ehtiyatlarının insan sağlamlığında rolu" mövzusunda çıxış edib. Məruzəçi qeyd edib ki, bitkilər havatəmizləyici rola malikdir və onlar canlıların sağlamlığının keşiyində duraraq onları boğulmaqdan qoruyur. O, həmçinin bitkilərin təbiətdə daim üzvi maddə sintez etdiyini, oksigen qazının miqdarını tənzimlədiyini, atmosferdə karbon qazının təhlükəli vəziyyətə qədər qalxmasının qarşısını aldığını, günəş enerjisini konservləşdirib canlı orqanizmlərin istifadəsinə verdiyini də nəzərə çatdırıb.
Şəki Tibb Kollecinin tələbəsi Fəridə Babazadə "COP29-un Azərbaycan üçün faydası" adlı çıxışında COP29-un Azərbaycanın istixana qazı emissiyalarını azaltmaq üzrə öhdəliklərini yerinə yetirməsinə kömək edəcəyindən, bununla da ölkənin ekoloji vəziyyətinin yaxşılaşacağından, havanın keyfiyyətinin artacağından və nəticə etibarı ilə iqlim dəyişikliyinin təsirlərinin azalmasına kömək edəcəyindən danışıb.
Şəki Tibb Kollecinin tələbəsi Minarə Hüseynova "Azərbaycanın yaşıl enerji ilə bağlı təşəbbüsü" mövzusu ilə çıxış edib. O, mütəxəssislərin fikrinə istinad edərək qeyd edib ki, Azərbaycan ərazisində mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək mümkündür.
Məruzəçi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji" zonasına çevrilməsinin əsas istiqamətlərdən biri hesab olunduğunu da diqqətə çatdırıb.
Tədbir müzakirələr ətrafında davam etdirilib.
Sonda Təşəkkürnamələr təqdim edilib, Şəki REM-in nəşri olan kitablar Şəki Tibb Kollecinin kitabxanasına hədiyyə olunub, xatirə fotoşəkilləri çəkilib.