"Yaşıl iqtisadiyyat və yaşıl şəhər: çağırışlar və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilib
Okt 22, 2024 | 04:32
Okt 22, 2024 | 04:32
22 oktyabr 2024-cü il tarixində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Gənc alim və mütəxəssislər şurasının təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şəki-Zaqatala Regional Təhsil İdarəsi Oğuz rayon Bucaq kənd tam orta məktəbin dəstəyi ilə "Yaşıl iqtisadiyyat və yaşıl şəhər: çağırışlar və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Şəki REM-in əməkdaşları, Bucaq kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri açan Oğuz rayon Bucaq kənd tam orta məktəbin direktoru Ülviyyə Nəzərova qonaqları salamlayıb, belə mötəbər tədbirə ev sahibliyi etdikləri üçün məmnun olduğunu bildirib və sözü Şəki REM-in Ekoloji biofizika şöbəsinin əməkdaşı Şahmar Babayevə verib.
Şahmar Babayev "Yaşıl iqtisadiyyat və yaşıl şəhər konsepsiyalarının həyata keçirilməsində müasir tendensiya və innovasiyalar" mövzusunda məruzə edib. O, ekologiya və iqtisadiyyat sahələrini birgə istiqamətləndirən yanaşmalardan, yaşıl iqtisadiyyata keçidlə bağlı yeni tendensiya və innovasiyalardan, yaşıl şəhər, yaşıl texnologiyalar və innovativ kənd təsərrüfatı, yaşıl şəhər və ağıllı şəhər konsepsiyalarının vəhdətinin üstünlükləri məsələlərindən danışıb.
Sonra Bucaq kənd tam orta məktəbin coğrafiya müəllimi Çinarə Rüstəmovaya söz verilib. Məruzəçi "Mineral ehtiyatlardan səmərəli istifadə, davamlı inkişaf" mövzusu ilə çıxış edərək bildirib ki, mineral ehtiyatlardan səmərəli istifadə dövlətin daim diqqət mərkəzində olan strateji məsələlərdəndir və onlardan kompleks istifadə edilməsi üçün müxtəlif yollar tətbiq edilir. Məruzəçi mineral ehtiyatların bərpa olunmayan xüsusiyyətini qeyd edərək, onların yeni süni əvəzedicilərin axtarışını tələb etdiyini də vurğulayıb.
Şəki REM-in Elmi katibi Vəfa Atayeva COP 29 çərçivəsində Şəki REM-in təşkil etdiyi tədbirlərin əsas məqsədinin qlobal iqlim dəyişikliklərinin
yaratdığı böhran haqqında maarifləndirmə işlərinin aparılması olduğunu qeyd edib, ekoloji böhranın qarşısının alınması istiqamətində görülə biləcək tədbirlər barəsində şagirdləri məlumatlandırıb.
Bədii hissədə Bucaq kənd tam orta məktəbin şagirdlərinin hazırladıqları yaşıl dünya mövzusunu əhatə edən maraqlı ədəbi-bədii kompozisiya təqdim edilib








