AMEA-nın Şəki Regional Elmi Mərkəzində "Tanrının möcüzəsi ana təbiət" mövzusunda dəyirmi masa keçirilib
Sen 13, 2024 | 04:43
13 sentyabr 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzi, Vaqif İbrahimov adına Folklor Evi, Narınqala Folklor Evinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Şəki REM-də "Tanrının möcüzəsi ana təbiət" mövzusunda dəyirmi masa keçirilib.
İclası açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü qonaqları salamlayıb, bu cür vacib tədbirin keçirilməsində əməkdaşlıq etdikləri üçün təşəkkürünü bildirib. O, bəşəriyyəti təşvişə salan bu qlobal problemin həllinin yalnız birləşərək mümkün olacağını bildirib və coğrafiyaşünas Dilbazi Cəmilova söz verib.
Dilbazi Cəmilov "Ekoloji tarazlığın pozulması" mövzusunda çıxışında bu cür tədbirlərin baxçalarda, orta, orta-ixtisas, peşə və ali məktəblərdə tələbələr arasında keçirməyin də vacibliyini vurğulayıb. Məruzəçi qeyd edib ki, ekologiyanı qorumaq üçün istehsal prosesi tullantılarının zərərsizləşdirilməsi əsas şərtlərdəndir. O vurğulayıb ki, sənaye istehsalının zəhərli maddələrinin havaya qalxaraq turşulu yağışlar şəklində yağması nəticəsində kainat məhvə doğru sürüklənir, biz təbiətə nə versək, onu da bizə qaytarır, deyə əlavə edib.
Sonra söz Landşaftşünaslıq şöbəsinin elmi işçisi Murad Qəhrəmanova verilib. Çıxışçı "Qlobal istiləşmə və yaşıl dünya" adlı məruzəsində bioloji müxtəlifliyə və ümumən təbiətə dağıdıcı təsirlər, iqlim dəyişmələri haqqında məlumat verib, bu problemlərin həlli istiqamətində təkliflərini səsləndirib.
Daha sonra Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Xəzər Bəşirov "Yaşıl enerjinin ekoloji davamlılıq üzərindəki təsiri və gələcək inkişaf imkanları" mövzusunda məruzə edib. O, insan fəaliyyəti nəticəsində atmosferə atılan bərk hissəciklərin, qazların iqlimin dəyişməsində qlobal təkanvericilərə çevrilməklə bərabər, insan sağlamlığına da bilavasitə mənfi təsir göstərdiyindən danışıb. Məruzəçi bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının, elektrik nəqliyyat vasitələrindən istifadənin, tikililərin damlarında bərpa olunan enerji qurğularının qurulmasının, küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi ilə çalışan lampalardan istifadənin, istilik, ağıllı enerji idarəetmə texnologiyalarının tətbiqinin, tullantıların enerji məqsədli idarə edilməsinin problemlərin nisbətən aradan qaldırılmasına kömək edəcəyini nəzərə çardırıb.
Tədbirdə, həmçinin Şəki REM-in Landşaftşünaslıq şöbəsinin rəhbəri, geol-min.e.ü.f.d. Hüseyn Mustafabəyli, Vaqif İbrahimov adına Folklor Evinin rəhbəri Rövzət Hacızəkəriyəyev çıxış ediblər.
Sonda mövzular ətrafında müzakirələr aparılıb.