AMEA-nın Şəki Regional Elmi Mərkəzində "Nizami Gəncəvi yaradıcılığında Naxçıvan memarlığının bədii əksi" mövzusunda seminar keçirilib
May 22, 2024 | 04:00
May 22, 2024 | 04:00
Azərbaycan Respublikası Prezidentinin "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" 30 dekabr 2023-cü il tarixli Sərəncamının və AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli qərarının icrası ilə bağlı 22 may 2024-cü il tarixində Şəki REM-də "Nizami Gəncəvi yaradıcılığında Naxçıvan memarlığının bədii əksi" mövzusunda seminar təşkil edilib.
Seminarı giriş sözü ilə açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü Nizami Gəncəvinin Azərbaycan xalqının bəşəriyyətə, dünya mədəniyyətinə bəxş etdiyi dahi şəxsiyyətlərdən biri olduğunu söyləyib. O qeyd edib ki, bugünkü tədbirin dahi Nizaminin adı ilə bağlanması təsadüfi deyil, çünki şairin əsərləri istənilən mövzu üçün tədqiqat obyekti ola biləcək gücdədir.
Yusif Şükürlü onu da qeyd edib ki, 22 may tarixinin bir özəlliyi də bu günün "Beynəlxalq Biomüxtəliflik Günü" kimi qeyd olunmasındadır. Direktor bu münasibətlə regionda biomüxtəlifliyin qorunması istiqamətində daim əzmlə çalışan Şəki REM-in kollektivini təbrik edib.
Sonra söz Şəki REM-in kitabxana müdiri Günel Musayevaya verilib. O, "Azərbaycan incəsənətində Naxçıvan memarlığı" adlı çıxında Naxçıvan memarlıq abidələri- Möminəxatun türbəsi, Qeysəriyyə, Qarabağlar türbə kompleksi, Gülüstan Türbəsi, Xanəgah kompleksi, Əlincə qalası, Nuh peyğəmbərin türbəsi, Gəmiqaya təsvirləri haqqında məlumatları diqqətə çatdırıb.
Daha sonra "Naxçıvan memarlıq inciləri Nizami Gəncəvi yaradıcılığında" mövzulu məruzə ilə Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Tural Adışirinov çıxış edib. Məruzəçi Nizami Gəncəvinin əsərlərində təqdim edilən incəsənətin naqqaşlıq, miniatür sənəti, ebru, həkkaklıq, memarlıq, teatr sahələri haqqında məlumatların zəngin elmi araşdırma materialı olduğundan bəhs edib. O əlavə edib ki, şair hər bir incəsənət əsərinin sanki bir sənətşünas kimi ən incəliklərinə qədər bilicisi olmuş və yüksək bədii peşəkarlıqla tərənnüm etmişdir.
Hər iki mövzu ətrafında müzakirələr aparılıb, təkliflər verilib, məruzələrin elmi məqalə olaraq çap olunması tövsiyə edilib.








