AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə "Dünya evimizdir" mövzusunda elmi-praktik konfrans keçirilib
May 17, 2024 | 01:00
17 may 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzi və Vərəzət kənd orta məktəbinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Dünya evimizdir" mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə Şəki REM-in əməkdaşları- Landşaftşünaslıq şöbəsinin rəhbəri, geo-min.ü.f.d. Hüseyn Mustafabəyli, elmi işçi Murad Qəhrəmanov, Ekoloji coğrafiya şöbəsinin rəhbəri, coğ.ü.f.d. Qafqaz Ağabalayev, Ekoloji biofizika şöbəsinin elmi işçisi Ayşən Salmanova, Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin elmi işçisi Tural Adışirinov, Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev, Şəki Vərəzət kənd orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Vərəzət kənd orta məktəbin direktoru Xədicə Nurməmmədova iştirakçıları salamlayıb, tədbirin birgə təşkil olunmasında göstərdikləri dəstəyə görə Şəki REM-in əməkdaşlarına, şəxsən direktor Yusif Şükürlüyə təşəkkürünü bildirib və tədbirin işinə uğur diləyib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra coğ.ü.f.d. Qafqaz Ağabalayev, biologiya müəllimi Qumru Xəlilova, elmi işçi Ayşən Salmanova, coğrafiya müəllimi Şəfəq Zahirova, elmi işçi Tural Adışirinov, Zeynəb Həmidli, Nəzrin Əhmədova, Fidan Nuriyeva dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirləri, ekoloji mədəniyyət mövzuları ətrafında çıxış ediblər. Məruzələr ətrafında fikir mübadiləsi aparılıb.
Şəki Regional Elmi Mərkəzin hədiyyəsi olan kitablar və Təşəkkürnamə Xədicə Nurməmmədovaya, məktəbin direktoru tərəfindən isə Şəki REM-ə Təşəkkürnamə təqdim edilib.
Sonda geo-min.ü.f.d. Hüseyn Mustafabəyli ölkəmizdə 2024-cü il ərzində yaşıl dünyanın qorunması sahəsində fəaliyyətin genişləndirilməsi və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyinə bir çağırış olduğunu vurğulayıb.
Rəsmi hissə başa çatdıqdan sonra, bədii hissədə musiqilər, şeirlər səsləndirilib. Tədbir çay süfrəsi ətrafında davam edib