“Yaşıl dünya və sağlam landşaft uğrunda” mövzusunda elmi-praktik konfrans keçirilib
May 07, 2024 | 05:18

07 may 2024-cü il tarixində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində AMEA-nın Şəki Regional Elmi Mərkəzi və Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyinin birgə təşkilatçılığı, Şəki REM-in əməkdaşları, liseyin şagird və müəllimlərinin iştirakı ilə “Yaşıl dünya və sağlam landşaft uğrunda” mövzusunda elmi-praktik konfrans keçirilib.

Əvvəlcə, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyinin direktoru Elmir Məmmədəliyev açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb, sözü Şəki REM-in elmi işlər üzrə direktor müavini, bio.ü.f.d. Fərhad Əzizova verib.

Fərhad Əzizov birgə əməkdaşlığa görə liseyin rəhbərliyinə təşəkkürünü bildirib və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı keçirilən tədbirlərin önəmindən danışıb. O qeyd edib ki, ətraf mühiti qorumaq bizim vicdani borcumuzdur. Fərhad Əzizov əlavə edib ki, ətraf mühitin qorunması məsələsi Azərbaycan Respublikasının Konstitusiyasında hər birimizin vəzifə borcu olaraq təsdiqlənib.

Sonra söz Şəki REM-in Landşaftşünaslıq şöbəsinin elmi işçisi Murad Qəhrəmanova verilib. Murad Qəhrəmanov “Urbanizasiya probleminin ekologiyaya təsiri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi urbanizasiyanın yaranma səbəbləri, taraz və nataraz urbanizasiya, urbanizasiya prosesi və onun idarə edilməsi, urbanizasiya və ekoloji mühit, insan fəaliyyətinin yerin ilkin və potensial landşaftlarını kökündən dəyişməsi kimi mühüm məsələlərdən danışıb. O, eyni zamanda, urbanizasiyanın təsiri nəticəsində yaranan ekoloji problemlərin aradan qaldırılması üçün təkliflərini söyləyib.

Daha sonra Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyinin Coğrafiya müəllimi Yusif Yusifliyə söz verilib. Məruzəçi “Azərbaycanın meşə ehtiyatları” mövzusu ətrafında çıxışında planetimizin, o cümlədən Azərbaycanın meşə ehtiyatları haqda məlumat verib. O həmçinin işğaldan azad edilmiş torpaqların yaşıl enerji zolağı elan edilməsindən, COP 29 konfransının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb.

“Təmiz ətraf mühitin formalaşmasında dövlət-vətəndaş əməkdaşlığının rolu” adlı məruzə ilə Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev çıxış edib. O, ətraf mühitin mühafizəsi sahəsində vətəndaş cəmiyyətinin rolunun zəruriliyindən danışıb, dövlət orqanları ilə yanaşı, ziyalıların bu sahədə aktiv rolunun, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb.

Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Xəzər Bəşirov “Bərpa olunan və bərpa olunmayan enerji qaynaqları” mövzusunda geniş məruzə edib. O, insanların həyatında enerjinin əhəmiyyətindən, yenilənə bilən texnologiyaların regional, milli və qlobal səviyyələrdə ətraf mühit hədəflərinə çatarkən enerji təhlükəsizliyinə töhfə verə biləcəyindən danışıb.

Sonra mövzular ətrafında şagirdlərin sualları cavablandırılıb.

Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyinin direktoru Elmir Məmmədəliyev tərəfindən AMEA-nın Şəki Regional Elmi Mərkəzinə birgə əməkdaşlığa görə Fəxri Fərmanı təqdim edilib. Şəki REM-in nəşri olan kitablar liseyin kitabxana fonduna hədiyyə edilib.

Tədbirdə, həmçinin Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyinin 6-cı sinif şagirdləri Nuranə Atazadə, Dəniz Səmədzadə maraqlı çıxışları ilə yadda qalıblar. Həmçinin Zərifə Kərimbəyli, Rasif Abdullayev Hüseyn Arif və Məmməd Araz yaradıcılığından şeirlər səsləndiriblər.

Sonda Şəki REM-in elmi işlər üzrə direktor müavini, bio.ü.f.d. Fərhad Əzizov təkliflərini söyləyib. O bundan sonra da müxtəlif layihələrin - təmizlik və ağacəkmə aksiyaları, çay yataqlarının təmizlənməsi, su ehtiyatlarından səmərəli istifadə və s. liseylə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilməsini təklif edib.