AMEA-nın Şəki Regional Elmi Mərkəzi "Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyini qeyd edib
Apr 04, 2024 | 01:00
04 aprel 2024-il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının və Şəki şəhər Nakam adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə "Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 4249 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə" adlı elmi seminar keçirilib.
Tədbirin əsas məqsədi gənc nəslə Cümhuriyyətin tarixini mənimsətmək, dövlətçilik ənənələrimizlə bağlı maarifləndirmə işini gücləndirmək, onlarda özünə inam, Vətənə məhəbbət, dostluq, birlik, humanistlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etməkdən ibarətdir.
Seminarda Şəki Dövlət Regional Kollecin tələbələri iştirak ediblər.
Ulu öndər Heydər Əliyev, Məhəmməd Əmin Rəsulzadə və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Şəki MKS-nin İ.Nakam adına Mərkəzi Kitabxanasının “Xidmət və abonoment” şöbəsinin müdiri Dilbər Yaqubova elmi seminarın müştərək təşkilinə görə Şəki REM-in rəhbərliyinə təşəkkürünü çatdırıb, tədbirin işinə uğurlar arzulayıb və sözü Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri Rahim Həsənova verib.
Rahim Həsənov çıxışında Ulu öndər Heydər Əliyevin Cümhuriyyətin qurucularını yüksək dəyərləndirdiyini qeyd edib və bu gün cənab Prezident İlham Əliyevin Sərəncamının da bu diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb. Məruzəçi AXC-nin yaradılmasının dövlətçilik ənənələrinin inkişafında müstəsna rol oynadığını, bir çox ilklərə imza atdığını-dövlət rəmzlərinin təsdiq olunduğunu, qadınlara seçki hüququ verildiyini, Azərbaycan dilində təhsilin təşkil edildiyini və başqa bir çox vacib məsələləri dinləyicilərin nəzərinə çatdırıb.
Daha sonra söz Şəki REM-in Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Tural Adışirinova verilib. O, Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı və Azərbaycan Xalq Cümhuriyyəti qurucularının bədii portretinin ədəbiyyatda əks olunması haqqında geniş məruzə edib.
Sonda məruzəçilər tələbələr tərəfindən onlara ünvanlanan sualları cavablandırıblar.