Mart 28, 2024 | 01:55
28 mart 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Şəki Heydər Əliyev Mərkəzində 27 mart – “Elm Günü”nə həsr edilmiş hesabat xarakterli Elmi-praktiki konfrans keçirilib. Konfransda Şəki REM-in alim və ziyalıları, Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının, Şəki Bələdiyyəsinin, ADPU-nun Şəki filialının, Şəki fizika-riyaziyyat təmayüllü liseyin, Şəki kimya-biologiya təmaüllü liseyin nümayəndələri və tələbələr iştirak ediblər.
Öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər qoyulub.
Himn səsləndirildikdən sonra, Ulu öndər Heydər Əliyev və vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü Azərbaycan elminə şəraitin yaradılmasında Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin əvəzsiz xidmətlərini xüsusilə vurğulayıb. O, konfransın hesabat xarakteri daşıdığını və əsas məqsədin Şəki REM-in elmi tədqiqatlarda əldə etdiyi son nailiyyətlərinin ictimaiyyətə təqdim edilməsi, elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin genişləndirilməsi olduğunu nəzərə çatdırıb və təbrik üçün sözü Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyevə verib.
Elman İmamverdiyev Elm Gününün təsis edilməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmə, ziyalılarımıza olan diqqət və qayğısının nəticəsi olduğundan söz açıb və 27 mart-Elm Günü münasibətilə Azərbaycanın alim və ziyalılarını, o cümlədən Şəki REM-in elm sahəsində çalışan əməkdaşları təbrik edib, konfransın işinə uğur diləyib.
Elmi Mərkəzin direktoru Yusif Şükürlü konfrans iştirakçılarını Şəki REM-in 2023-cü ildə əldə edilmiş nailiyyətləri ilə ətraflı tanış edib.
Konfransda, həmçinin Şəki REM-in əməkdaşları- Tarix, arxeologiya və epiqrafika şöbəsinin baş elmi işçisi, ped.e.d., prof. Firədun İbrahimov, böyük elmi işçisi t.ü.f.d. Akif Məmmədli, Landşaftşünaslıq şöbəsinin rəhbəri geol-min.ü.f.d. Hüseyn Mustafabəyli, Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri, bio.ü.f.d., dos. Qüdürət Bəkirov, Ekoloji coğrafiya şöbəsinin rəhbəri, coğ.ü.f.d. Qafqaz Ağabalayev, Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri Rahim Həsənov, Şəki REM-in Ekoloji biofizika şöbəsinin elmi işçisi Ayşən Salmanova çıxış edərək görülən işlər haqqında məlumat verib və Elm Günü münasibətilə təbriklərini çatdırıblar.
Konfransa dəvət olunan qonaqlar - Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamik Cəbiyev, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının məsləhətçisi Vüqar Qafurov, ADPU-nun Şəki filialının Təbiət fənləri və onların texnologiyaları kafedrasının baş müəllimi Səadət Feyzullayeva elm və təhsil sahəsində çalışan alim və ziyalıları onların peşə bayramları - “Elm Günü” münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, elmi-praktiki konfrans Kanal S televiziyası tərəfindən lentə alınıb.