AMEA-nın Şəki Regional Elmi Mərkəzində “01 Mart Ümumdünya Mülki Müdafiə Günü” mövzusunda tədbir təşkil edilib
Mart 01, 2024 | 05:19

01 mart 2024-cü il tarixində Şəki REM-in akt zalında Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Şəkidə yerləşən N saylı xilasetmə taborunun zabitləri, Şəki REM-in rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin, həmçinin vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü mülki müdafiə məsələlərinin əhəmiyyətindən, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasının vacibliyindən danışıb. O qeyd edib ki, Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən 2024-cü ilin mövzusunun “İnnovasiya texnologiyaları Mülki Müdafiənin xidmətində” olması barədə qərar qəbul edilib və bu barədə geniş izah vermək üçün sözü Şəki REM-in Mülki müdafiə üzrə qərargah rəisi Yusif Rəhimova verib.

Yusif Rəhimov çıxışında Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, bu bayram gününün yaranması zərurətini əks etdirən, ölkəmizin Beynəlxalq Mülki Müdafiə Təşkilatına 1998-ci ildə Heydər Əliyev tərəfindən üzv olması kimi faktlar haqqında məlumat verib, sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı hazırlanmış videoçarxlara baxmağı təklif edib.

Daha sonra söz Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Şəkidə yerləşən N saylı xilasetmə taborunun zabiti, baş leytenant Cavidan Əhmədliyə verilib. Cavidan Əhmədli Mülki Müdafiə Təşkilatının rolundan danışıb, FHN Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə sıx əməkdaşlığq etdiyini vurğulayıb və bu günün qeyd olunmasının məqsədini təşkil edən məsələlər haqqında məlumat verib. O, FHN-nin əməkdaşlarının əsas vəzifəsinin əhalinin və ərazilərin mühafizəsi,  fövqəladə hallardan, yanğınlardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılması, təhlükəsiz cəmiyyət sisteminin formalaşması ilə bağlı görülən işlər olduğunu nəzərə çatdırıb. Məruzəçi əlavə edib ki, son illərdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən mülki müdafiə sistemi müasir tələblər səviyyəsində təmin edilib və bundan sonra da FHN-nin MMQ-nın şəxsi heyəti ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifəni daha yüksək keyfiyyətlə, operativ və sədaqətlə yerinə yetirəcəkdir.

Tədbir iştirakçıları Şəki REM-in elmi işlər üzrə direktor müavini, bio.ü.f.d. Fərhad Əzizovun “Regionda sığınacaqların vəziyyəti haqqında nə deyə bilərsiniz?” və  Ekoloji coğrafiya şöbəsinin rəhbəri, coğ.ü.f.d. Qafqaz Ağabalayevin “Qarşıdan yay fəsli gəlir, bununla əlaqədar insanlar meşələrə, dağlara istirahət üçün üz tuturlar. İnsanların və ya ərazilərin qorunması istiqamətində hansı tədbirlərin görüldüyü haqqında məlumat verməyinizi istərdim” kimi sualları Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Şəkidə yerləşən N saylı xilasetmə taborunun zabiti, baş leytenant Elmin Abdullayev tərəfindən cavablandırılıb.

Tədbirin sonunda Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Şəkidə yerləşən N saylı xilasetmə taboru “AMEA-nın Şəki REM-i ilə əməkdaşlıq edərək Mülki Müdafiə üzrə təlimlərin keçirilməsində göstərdikləri texniki dəstəyə görə və 1 Mart Ümumdünya Mülki Müdafiə Günü münasibətilə” Fəxri Fərmanla təltif edilib.