AMEA-nın Şəki Regional Elmi Mərkəzində Xocalı faciəsinin 32-ci ildönümü qeyd edilib
Fev 26, 2024 | 06:00
Fev 26, 2024 | 06:00
26 fevral 2024-cü il tarixində Şəki Regional Elmi Mərkəzdə Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin, Xocalı faciəsi qurbanlarının, həmçinin vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dosent Şükürlü çıxışında Xocalı faciəsinin əsla yaddaşlardan silinməyəcəyini söyləyib, həmin dövrdə yaşanan hadisələrlə bağlı xatirələrindən danışıb. O həmçinin, bu gün dünyaya öz gücünü göstərən Azərbaycan xalqının tarixi keçmişini əsla unutmayacağını, gələcəyə doğru tarixdən dərs alaraq addımlayacağını bildirib.
Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri Rahim Həsənov çıxışına cənab Prezident İlham Əliyevin "biz düşmənimizin xislətini heç vaxt unutmamalıyıq" sözləri ilə başlayıb. Sonra "Erməni kimdir? Xocalı faciəsi nə üçün baş verdi? Bizim üstün və kəsr cəhətlərimiz nədən ibarət idi?" sualları ətrafında geniş məruzə edib. Bildirib ki, Azərbaycan xalqı humanist, qabaqcıl, intellektual xalqdır və tarixin bütün dövrlərində müharibələrdə heç bir qadına, uşağa, günahsız, əliyalın insanlara silah qaldırmaq, işgəncə etmək, öldürmək bu xalqın kitabında yazılmayıb. Bu, bizi düşmənlərimizdən fərqləndirən ən mühüm faktdır, deyə o əlavə edib.
Daha sonra Xocalının mühüm geostrateji mövqeyi ilə seçildiyini və diqqəti cəlb etdiyini qeyd edib. O, Xocalının strateji mövqeyi ilə yanaşı, həm də ölkəmizin zəngin tarixə malik ərazilərindən biri olduğunu da vurğulayıb. Bu ərazinin tarixində Azərbaycan mədəniyyətinə aid mühüm arxeoloji abidələrin özünəməxsus yer tutduğunu, ermənilərin burada həyata keçirdikləri soyqırımın bir məqsədinin də azərbaycanlılara məxsus mədəniyyəti yer üzündən silmək olduğunu diqqətə çatdırıb.
Çıxışının sonunda bu gün "Dəmir yumruq" əməliyyatının gücünün düşmənlərimizi diz çökdürməyə, dünyanı Azərbaycan adlı məmləkətin ərazi bütövlüyünü tanımağa sövq etməsinə diqqət çəkib.
Tədbirin sonunda videoçarx nümayiş etdirilib.
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi saat 17:00-da ölkə ərazisində bir dəqiqəlik sükutla yad olunub.