Şəki Dövlət Regional Kollecin tələbələri Şəki REM-də pedaqoji təcrübədədirlər
Fev 27, 2024 | 11:17

22 fevral 2024-cü il tarixində Şəki Dövlət Regional Kollecin “Meşə və park təsərrüfatı” fakültəsinin 39040609 qrupunun tələbələri Şəki Regional Elmi Mərkəzin Bitkilərin biomüxtəlifliyi və genofond şöbəsində elmi, texnoloji təcrübədədirlər. Bitkilərin biomüxtəlifliyi və genofond şöbəsinin baş aqronomu İlqar Seyidzadədən aldığımız məlumata görə, tələbələrin Genofond bağı ilə tanışlığından və tinglik təsərrüfatının təşkili, aqrotexniki işlərin aparılması qaydaları haqqında məlumatlandırılmasından sonra Landşaftşünaslıq şöbəsinin rəhbəri, geo.ü.f.d. Hüseyn Mustafabəyli ilə görüşləri təşkil edilib.

Hüseyn Mustafabəyli tələbələrə Şəki-Zaqatala bölgəsinin dağ-meşə qurşağında bitki biomüxtəlifliyi, biomüxtəlifliyin qorunması və artırılması üçün zəruri tədbirlər, qlobal istiləşmə mərhələsində meşələrin qorunması və bərpası işlərinin aparılması istiqamətində məsləhətlərini verib. Mövzu ətrafında geniş müzakirələr aparılıb.

Daha sonra Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimov Şimal-qərb bölgəsində turizm potensialının inkişaf etdirilməsi, ekoturizm, ekoturizmin əsas mahiyyəti kimi əhəmiyyətli mövzular ətrafında tələbələrlə müzakirələr aparıb. O qeyd edib ki, ekoturizmin əsas məqsədi təbiətin məqsədyönlü şəkildə qorunmasını təmin etməkdir və ekoloji təmiz mühit, saf su, təmiz havadan istifadə edə bilməyin yolu ətraf mühitə zərər verməyən, təbii sərvətlərin qorunmasını təmin edən və onlardan pərakəndə istifadəni məhdudlaşdıran ekoturizmdən keçir.

Onu da qeyd edək ki, tələbələrin təcrübə müddəti bir ay davam edəcəkdir.