Şəkidə yeni şəlalə qeydə alınıb
Fev 20, 2024 | 03:25

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbənin əməkdaşı Elvin Qarayev tərəfindən 2023-cü ilin avqust ayında Şəki rayonu Şin çayı, çayın qolları və ətraf ərazilərində regionun ekoturizm potensialının öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı şəlalə aşkar edilib. Şəlalə Şin çayının sağ sahilində, dəniz səviyyəsindən 1299 metr hündürlükdə, tarixi Axtı-Şəki hərbi yolun üzərində yerləşir.

Ekoloji coğrafiya şöbəsinin rəhbəri, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayevin verdiyi məlumata görə,  Elvin Qarayev tərəfindən aşkar edilən yerli əhalinin “İtuçan” adlandırdığı şəlalə bugünə qədər elmi mənbələrdə qeyd olunmayıb. Şəlalənin yerli əhali tərəfindən “İtuçan” adlandırılmasının əsas səbəbi isə əvvəlki vaxtlarda həmin şəlalənin yerləşdiyi bu yoldan bir çoban itinin yıxılıb ölməsi ilə bağlıdır. Qafqaz Ağabalayev onu da əlavə edib ki, modern turizm infrastrukturu formalaşdırılarsa, 14 metr hündürlükdən tökülən, koordinatları (41°23’9” N, 47°9’17” E ) olan “İtuçan” şəlaləsi öz bənzərsizliyi ilə regionda ekoturizmin inkişaf etdirilməsi baxımından perspektivli təbiət abidəsi hesab edilə bilər.