AMEA-nın Şəki Regional Elmi Mərkəzində mühüm elmi nailiyyət
Fev 14, 2024 | 12:00

Şəki Regional Elmi Mərkəzin elmi katibi, AR ETN-in Fizika İnstitutunun dissertantı Vəfa Atayevanın “Zülal mənşəli liflər üçün təbii boyaq maddəsi kimi yarpaq toxumalarında yaranan antosianin piqmentlərinin tədqiqi” mövzusunda dissertasiya işinin və “Ekoloji biofizika” şöbəsinin tədqiqat istiqaməti üzrə əldə edilən ilkin nəticələrin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi 27 dekabr 2023-ci il tarixində “Təbii əsaslı biokompozitin alınması üsulu” adlı ixtiranın qeydiyyatı və patent verilməsi ilə bağlı 17 aprel 2023-cü il tarixli a 2023 0057 nömrəli iddia sənədinə dair məlumatların dərc edilməsi haqqında qərar verilib. Bu barədə Vəfa Atayeva shrem.az saytına məlumat verib. O qeyd edib ki, ixtiranın müəllifləri Şəki REM-in Elmi katibi Vəfa Atayeva, Şəki REM-in direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü, elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizovdur.

Vəfa Atayeva əlavə edib ki, əldə edilən bioekstraktın və biokompozitin fiziki-kimyəvi tədqiqatlarının bir qismi AR ETN-in Biofizika İnstitutunun müvafiq laboratoriyalarında aparılıb və sözügedən biokompozitin əczaçılıqda, toxuma mühəndisliyində, müxtəlif yanıqlarda (şüa, trafik, yanıq, mexaniki), yaralarda, dəri xəstəliklərində, eyni zamanda kosmetologiyada tətbiqi nəzərdə tutulur, Mərkəzdə hazırda bu istiqamətdə tədqiqatların genişləndirilməsi üzrə işlər davam etdirilir.