AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Azərbaycan məktəbi” jurnalının 100 illiyi ilə bağlı seminar keçirilib
Fev 09, 2024 | 05:00

09 fevral 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Azərbaycan məktəbi” elmi-nəzəri pedaqoji jurnalının 100 illik yubileyinin qeyd olunmasının təşkili ilə bağlı seminar keçirilib.

Seminarda Şəki REM-in elmi işçiləri iştirak ediblər.

Əvvəlcə Mərkəzin kitabxana müdiri Günel Musayeva jurnalın fəaliyyət istiqamətləri haqqında məlumat verib və yaxın zamanda jurnalın Calameo, Academia.edu., İndex Copernicus, Doaj, İdealonline, Türk Egitim İndeksi, Google Schoolar, OAJİ, İnternet Archive, Acribd, Slideshare kimi beynəlxalq xülasələndirmə və indeksləndirmə bazalarında yerləşdiriləcəyini söyləyib.

Daha sonra Şəki REM-in Elmi katibi Vəfa Atayeva “Azərbaycanın pedaqoji mətbuat tarixində “Azərbaycan məktəbi”” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, “Azərbaycan məktəbi” jurnalı təhsildə və elmdə əvəzsiz xidmətlərinə görə təhsil institutu kimi qiymətləndirilir.  Məruzəçi “Azərbaycan məktəbi” jurnalının Azərbaycan pedaqoji mətbuat tarixində müxtəlif zamanlarda 3 fərqli ad altında - “Yeni məktəb”,  “Müəllimə kömək” və “Azərbaycan məktəbi”- fəalliyyət göstərdiyini vurğulayıb. O, həmçinin əlavə edib ki, bu jurnal mövcudluğu dövründə bilik və bacarıqlı, kreativ düşüncəli, inkişaf etmiş qabaqcıl ölkə müəllimlərinin təcrübəsinə əsaslanan, təhsil keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verən, gənclərə milli-adət və ənənələrin qorunub saxlanılmasını aşılayan materialları ilə daim diqqət çəkmişdir və jurnalın uzun illər yaşamasında xalqın yüzlərlə mütəfəkkir, pedaqoq, maarifçi, müəllim və metodistlərinin əməyi və ideyaları önəmli rol oynayıb. Hər hansı bir mətbu orqanın 100 il yaşamasına səbəbin həmin xalqın daim yazıb-yaradan, fitri istedada malik nümayəndələrinin, tükənməyən canlı sərvətlərinin mövcudluğunun danılmaz fakt olduğunu da diqqətə çatdırıb.

Sonda jurnalın 100 illik yubileyinin qeyd olunması ilə bağlı təkliflər müzakirə olunub, Şəki REM-in elmi işlər üzrə direktor müavini, bio.ü.f.d. Fərhad Əzizov tərəfindən “27 Mart Elm Günü”ndə ADPU-nun Şəki filialı ilə birgə jurnalın 100 illiyinə həsr olunan elmi-praktiki konfransın keçirilməsi və kütləvi informasiya vasitələrində jurnalın fəaliyyəti ilə bağlı məqalələrin dərc edilməsi təklifi verilib.