AMEA-nın Şəki Regional Elmi Mərkəzində "Millətlərə istiqlal, insanlara hürriyyət: Məhəmməd Əmin Rəsulzadə fenomeninin əsas qayəsi kimi" mövzusunda dəyirmi masa keçirilib
Yan 31, 2024 | 03:00
31 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd edilməsi haqqında 30 dekabr 2023-cü il tarixli Sərəncamının və AMEA Rəyasət Heyətinin 09 yanvar 2024-cü il tarixli 1/3 nömrəli qərarının icrası ilə bağlı AMEA-nın Şəki Regional Elmi Mərkəzində "Millətlərə istiqlal, insanlara hürriyyət: Məhəmməd Əmin Rəsulzadə fenomeninin əsas qayəsi kimi" mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü Azərbaycanda yaranan milli oyanış, Əlimərdan bəy Topçubaşov, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və başqalarının çar Rusiyasının milli ayrı-seçkilik siyasətinə qarşı mübarizəsi, getdikcə genişlənməkdə olan "türkləşmək, islamlaşmaq və müasirləşmək" məfkurəsinin M.Ə.Rəsulzadənin milli siyasi görüşlərinin formalaşmasına güclü təsir göstərməsindən danışıb.
Sonra söz Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin baş elmi işçisi, professor Firədun İbrahimova verilib. Məruzəçi "Məhəmməd Əmin Rəsulzadə barədə avtobioqrafik oçerk" mövzulu məruzəsində M.Ə.Rəsulzadənin həyat yoluna işıq tutaraq, onun həyatı, siyasi və ədəbi-publisistik fəaliyyəti haqqında geniş məlumatları nəzərə çatdırıb.
O qeyd edib ki, M.Ə.Rəsulzadə dövlət xadimi kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olmaqla yanaşı, dövlətin böhrandan qorunmasında mühüm rol oynayan, istiqlalın saxlanması naminə mücadilə aparan şəxsiyyətlərdən olmuşdur.
Daha sonra Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri Rahim Həsənov "Cümhuriyyət M.Ə.Rəsulzadə siyasi realizminin nəticəsidir" mövzusunda çıxış edib. O çıxışında Rəsulzadənin həqiqətən də böyük siyasətçi olduğunu söyləyib. Vurğulayıb ki, Rəsulzadə dini fanatizmin hökm sürdüyü bir vaxtda insanların fikrini Məkkədən Altaya, yəni Türkçülüyə, oradan isə Azərbaycançılığa yönəltməyi bacaran siyasi lider olaraq tarixə düşdü. Rahim Həsənov Cümhuriyyətin liderlərinin siyasi fəaliyyətində olan doğru və yanlış addımlardan geniş söz açıb. Məruzəçi əlavə edib ki, hər nə qədər siyasi addımlarda yanlışlara yol versə də, Rəsulzadənin dövrün siyasi lideri olması bir faktdır. Bu gün Prezident İlham Əliyevin Rəsulzadənin 140 illiyi ilə bağlı Sərəncamı bu faktı bir daha təsdiqləyir. Məruzəçi həmçinin, ulu öndər Heydər Əliyevin Azərbaycan Cümhuriyyəti siyasi xadimlərinə verdiyi dəyəri diqqətə çatdıraraq, "Müstəqil Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisidir" söyləyən ulu öndərin Azərbaycan xalqının ümummilli lideri olaraq tarixə öz möhürünü vurduğundan, dahi şəxsiyyət kimi könüllərdə əbədi taxt qurduğundan bəhs edib.
Dəyirmi masa ətrafında müzakirələr davam etdirilib.