AMEA-nın Şəki Regional Elmi Mərkəzinin 2024-cü il üçün ilk Elmi şura iclası keçirilib
Yan 30, 2024 | 03:00
Yan 30, 2024 | 03:00
Dekabr ayının 30-da AMEA-nın Şəki Regional Elmi Mərkəzinin 2024-cü il üçün ilk Elmi şura iclası keçirilib. İclasda Elmi şura üzvləri, şöbə rəhbərləri və elmi işçilər iştirak ediblər.
İclası giriş sözü ilə açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü Elmi şura üzvlərini iclasın gündəliyi ilə tanış edib. Gündəlik səsə qoyularaq qəbul edilib.
Sonra AMEA Rəyasət Heyətinin 22 yanvar 2024-cü il tarixli yığıncağında təsdiqlənmiş AMEA-nın Şəki REM-nin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında qərarı oxunub.
Daha sonra Şəki REM-in elmi işlər üzrə direktor müavini, bio.ü.f.d. Fərhad Əzizov və İnsan resursları şöbəsinin müdiri Ülviyyə Osmanova AMEA Rəyasət Heyətinin AMEA-nın elmi-tədqiqat müəssisələrinin yeni nizamnaməyə uyğun strukturunun təşkili haqqında 9 yanvar 2024-cü il tarixli, 1/4 saylı qərarının 2, 6, 9, 11-ci maddələrinə əsasən AMEA-nın Şəki REM-nin nümunəvi təşkilati strukturu haqqında məlumat veriblər.
Mərkəzin kitabxana müdiri Günel Musayeva Azərbaycan Respublikası Prezidentinin M.Ə.Rəsulzadənin 140 illiyi, Naxçıvan Muxtar Respublikasının 100 illiyi, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili"elan edilməsi ilə bağlı Sərəncamları və onlara müvafiq AMEA Rəyasət Heyətinin qərarlarının icrası ilə əlaqədar 2024-cü ilin tədbirlər planına əsasən 14 tədbirin təşkil olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
İclasda Ekoloji coğrafiya şöbəsinin rəhbəri Yusif Rəhimovun vəzifəsi Şəki Regional Elmi Mərkəzin Mülki Müdafiə Qərargahının rəisi vəzifəsi ilə əvəz edilib. Ekoloji coğrafiya şöbəsinin böyük elmi işçisi, coğ.ü.f.d. Qafqaz Ağabalayev Ekoloji coğrafiya şöbəsinin rəhbəri vəzifəsinə keçirilib.
Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin rəhbərliyi şöbənin elmi işçisi Təranə Abdullayevaya həvalə edilib.
AMEA-nın Şəki REM-in şöbələr üzrə 2024-cü il üçün elmi-tədqiqat planları haqqında Şəki REM-in Elmi katibi Vəfa Atayeva danışıb. O qeyd edib ki, bütün şöbələrin 2024-cü il üçün elmi-tədqiqat planları artıq hazırlanıb və katibliyə təqdim edilib.
İclasın cari məsələlərindən biri- Oğuz-Qəbələ folkloru kitabının nəşrə hazırlanması ilə bağlı müzakirələr aparılıb, kitabın yaxın zamanda çap olunması haqqında qərar qəbul edilib.
Daha sonra Mərkəzin elmi işlər üzrə direktor müavini, bio.ü.f.d. Fərhad Əzizova dosent elmi adı verilməsi üçün Şəki REM-in Elmi katibi Vəfa Atayeva tərəfindən seçki təşkil edilib, qapalı səsvermədə Fərhad Şirin oğlu Əzizovun lehinə 13 səs toplanıb. Fərhad Əzizova dosent adının verilməsi ilə bağlı qərar qəbul olunub.
Həmçinin, Tarix, arxeologiya və epiqrafika şöbəsinin əməkdaşları- Ələddin Sultanovun elmi işçi vəzifəsindən böyük elmi işçi vəzifəsinə keçirilməsi, Elşən Abdurahmanovun elmi işçi vəzifəsinin təsdiqlənməsi məqsədilə qapalı səsvermə keçirilib. Səsvermənin nəticələri nəzərə alınaraq hər iki nəfərin lehinə qərar qəbul edilib.