20 Yanvar faciəsindən 34 il ötür
Yan 19, 2024 | 05:13

19 yanvar 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə, Ümummilli lider Heydər Əliyev və 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Şəki REM-in direktoru, f.ü.f.d., dos. Yusif Şükürlü 20 Yanvar hadisələrinin əsla unudulmayacağını qeyd edib. O əlavə edib ki, hər il ölkə ərazisində yanvar ayının 20-si saat 12:00-da şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, qatarlar, avtomobillərlə səs siqnallarının verilməsi, Azərbaycan ərazisində matəm əlaməti olaraq dövlət bayraqlarının endirilməsi 20 Yanvar şəhidlərinə və şəhidlik zirvəsinə böyük ehtiramın nümunəsidir.

Daha sonra söz Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri Rahim Həsənova verilib. Məruzəçi çıxışında  şəhidlərimizə Allahdan rəhmət diləyib, onların qanının yerdə qalmadığını vurğulayıb. O, son üç ildə 20 Yanvar faciəsini hüznlə xatırlamaqla yanaşı, həm də qürur hissi keçirdiyimizdən danışıb. Hüznümüzün səbəbi bəlli olduğu kimi, qürurumuzun da səbəbinin bəlli olduğunu qeyd edib.  Bu gün Ali Baş Komandan İlham Əliyevin ağıllı və uzaqgörən siyasətinin nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini və bununla yalnız torpaqlarımızın deyil, həm də milli mənliyimizin, milli qürurumuzun düşmən tapdağından azad edildiyini nəzərə çatdırıb.