12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günüdür Müstəqil Azərbaycanın qurucusu və memarı Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar AMEA-nın Şəki Regional Elmi Mərkəzində tədbir keçirilib
Dek 12, 2023 | 02:00
Əvvəlcə, Ümummilli liderin xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan Şəki REM-in direktoru, f.ü.f.d., dos. Yusif Şükürlü Ulu öndərin rəhbərliyi dövründə milli maraqlara söykənərək Qərbə inteqrasiya edildiyindən, Azərbaycanın dünya siyasətində və iqtisadiyyatında yerinin müəyyənləşdirildiyindən danışıb. O, xalqımızın dahi şəxsiyyət Heydər Əliyevi bu gün və bundan sonra hər zaman dərin ehtiramla yad edəcəyini, daim ruhuna dualar oxuyacağını vurğulayıb.
"Heydər Əliyev siyasətində milli dövlətçilik və azərbaycançılıq" mövzusu üzrə çıxış edən Şəki REM-in "Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya" şöbəsinin k.e.işçisi, Gənc alim və mütəxəssislər şurasının sədri Tural Adışirinov qeyd edib ki, tarix şəxsiyyətlər yetişdirir, şəxsiyyətlər də tarix yaradır, dühalar isə doğulurlar. Onların missiyaları xilaskarlıq olur-tarixin, dövlətin və millətin xilaskarlıq missiyası. Ümummilli liderimiz müstəqil və sabit inkişaf edən müasir Azərbaycan dövlətini yaratmaqla yanaşı, xalqımız, dövlətimiz qarşısında daha bir əvəzsiz xidmət göstərib, milli dövlətçilik məktəbi formalaşdıraraq xalqımızın gələcək inkişafını təmin edəcək layiqli siyasi varis yetişdirib, deyə məruzəçi əlavə edib.