AMEA-nın Şəki Regional Elmi Mərkəzinin növbəti Elmi Şura iclası keçirilib
Dek 13, 2023 | 02:00
Dekabrın 13-ü AMEA-nın Şəki Regional Elmi Mərkəzinin növbəti Elmi Şura yığıncağı keçirilib. İclası açan Şəki REM-in direktoru fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü gündəlikdəki məsələlərlə Şura üzvlərini tanış edib, Elmi Şuranın işinə uğurlar arzulayıb. O, Şəki REM-in 2023-cü il üçün hesabatının AMEA Rəyasət Heyətinə təqdim edilməsi, bəyənilməsi və qənaətbəxş hesab edilməsi haqqında danışıb.
Daha sonra Heydər Əliyevin 100 illiyi və Şəki REM-in 50 illiyinə həsr edilmiş Beynəlxalq Elmi Konfransın yekunu haqqında Elmi-texniki informasiya şöbəsinin baş mütəxəssisi Günel Musayeva məlumat verib. O bildirib ki, konfrans öz işini uğurla başa çatdırıb, konfransla bağlı televiziyada, saytlarda, yerli mətbu orqanlarında xəbərlər yayınlanıb. Hazırda konfransa təqdim edilən məruzələr çapa hazırlanır. Yaxın zamanda Konfrans toplusu və sertifikatlar iştirakçılara göndəriləcəkdir.
Şəki REM-in elmi işlər üzrə direktor müavini, bio.ü.f.d. Fərhad Əzizov 2024-cü ilin elmi-tədqiqat planlarının hazırlanması istiqamətində müvafiq işlərin icra edilməsi barəsində şöbə rəhbərlərinə tapşırıq və məsləhətlərini verib.
İnsan resursları şöbəsinin müdiri Ülviyyə Osmanova və baş mühasib Uğur Süleymanov Mərkəzin mövcud strukturunun AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edildiyini diqqətə çatdırıblar.
Cari məsələ olaraq Şəki REM-də "Heydər Əliyev və Şəki", "Azərbaycan Respublikasının şimal-qərb regionunun təbiəti ekocoğrafi tədqiqatlarda", "Oğuz, Qəbələ folklor örnəkləri" kitablarının nəşrə hazırlanması haqqında müzakirələr aparılıb.