AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ümumi Yığıncağı keçirilib
Dek 28, 2023 | 12:00
28 dekabr 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ümumi Yığıncağı keçirilib. Yığıncaqda Elmi Şura üzvləri, elmi işçilər və Şəki REM-in digər əməkdaşları iştirak ediblər. Yığıncağı giriş sözü ilə açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dosent Yusif Şükürlü iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Gündəlik səsə qoyularaq qəbul edilib.
Şəki Regional Elmi Mərkəzin elmi işlər üzrə direktor müavini, bio.üzrə f.d., Fərhad Əzizov gündəlikdəki ilk məsələ-AMEA-nın Şəki REM-nin 2023-cü il elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair məlumat verib. O qeyd edib ki, 2023-cü ildə Şəki REM-də 1 elmlər doktoru, 1 fəlsəfə doktoru müdafiəsi, 2 nəfərin müdafiəsinin apponentliyi olub, Şəki REM-in əməkdaşlarının 37 elmi, elmi-kütləvi məqalə və konfrans materialları çap edilib ki, bu da ötən illərlə müqayisədə xeyli fərq yaradır. Elmi-təşkilati fəaliyyətlərlə bağlı danışarkən Fərhad Əzizov vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı 21 tədbir, Şuşa ilə bağlı 2 tədbir, ŞREM-in əməkdaşlarının bilavasitə iştirakı ilə 43 tədbir-ümumilikdə 66 tədbir keçirilib.
Daha sonra Şəki REM-in Həmkarlar Təşkilatının fəaliyyətinə dair Aqil Mustafayevin, Mülki Müdafiə Qərargahının fəaliyyətinə dair Qüdürət Bəkirovun, Şəki REM-in təcrübə təsərrüfatının fəaliyyətinə dair Tacəddin İbrahimxəlilovun, Təchizat və xidmət şöbəsinin fəaliyyətinə dair Qismət Əhmədovun, Elektron xidmətlər şöbəsinin fəaliyyətinə dair Namiq Abdurahmanovun hesabatları dinlənilib.
Sonda Yusif Şükürlü 4-5 dekabr 2023-cü il tarixlərində Şəki REM-də keçirilən “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” mövzusunda Beynəlxalq elmi konfransın bu ilin ən böyük uğuru olmasından və işin yüksək səviyyədə təşkil olunmasından danışıb, konfransın təşkilində əməyi olan Şəki REM əməkdaşlarını “Təşəkkürnamə”lərlə mükafatlandırıb.