AMEA-nın Şəki Regional Elmi Mərkəzində Beynəlxalq Elmi Konfrans keçirilib
Dek 04, 2023 | 03:55

04 dekabr 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılğı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” mövzusunda Beynəlxalq Elmi Konfransın plenar iclası keçirilib. İclasda Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki Rayon Təşkilatının, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Şəki şəhər Bələdiyyəsinin, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin, həmçinin, AMEA Gəncə Bölməsi Aqrar Problemlər İnstitutunun, AMEA Mərkəzi Elmi Kitabxananın nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu öndərin abidəsi önünə tər güllər qoyulub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Şəki Regional Elmi Mərkəzinin direktoru, f.ü.f.d., dos. Yusif Şükürlü plenar iclasda iştirak edən qonaqları və konfrans iştirakçılarını salamlayıb, diqqətə çatdırıb ki, konfransın təşkil edilməsində əsas məqsəd republikamızın, eləcə də dünyanın müxtəlif bölgələrindən olan ziyalıları, alimləri, elm adamlarını Heydər Əliyev dühasının işığına yığmaq, 50 illik ömür yolumuzun sevincini paylaşmaqdır. Konfransda Türkiyə, Rusiya, Qazaxstan, Pakistan, Özbəkistan, İndoneziya, Hindistan, Bolqarıstan, Misir kimi ölkələrdən 106 məruzə proqrama daxil edilmiş məruzələr məqsədimizə nail olduğumuzun bariz nümunəsidir.

Sonra söz Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sadiq Yusifova verilib. O çıxışında Heydər Əliyev ili çərçivəsində respublikanın hər yerində, o cümlədən Şəki rayonunda təşkil olunan tədbirlərdən, dəyirmi masalardan söz açıb, “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” mövzusunda Beynəlxalq Elmi Konfransın təşkil edilməsini yüksək qiymətləndirib.  Şəki Regional Elmi Mərkəzin 50 illik yubileyinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bir yerdə qeyd edilməsinin təqdirəlayiq hal olduğunu deyib.

Daha sonra Yeni Azərbaycan Partiyası Şəki Rayon Təşkilatının sədr müavini  Ziya Vəliyev çıxış edib. Ziya Vəliyev Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və onun layiqli davamçısı Prezident İlham Əliyevin siyasi bacarığının nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini, suverenliyimizin bərpa olunduğunu vurğulayıb. O həmçinin,  bu gün 50 illik yubileyini qeyd edən Şəki Regional Elmi Mərkəzinin yaradılmasının məhz Ulu öndər Heydər Əliyevin diqqət və qayğısının nəticəsi olduğunu diqqətə çatdırıb, Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarını 50 illik yubiley münasibətilə təbrik edib və gələcəkdə daha böyük elmi nailiyyətlər arzulayıb.

Çıxış üçün söz Şəki Regional Elmi Mərkəzinin “Tarix, arxeologiya və epiqrafika” şöbəsinin aparıcı elmi işçisi, ped.e.d., professor Firədun İbrahimova verilib. Firədun İbrahimov qeyd edib ki, dahi şəxsiyyətlərin elmə, elm sahələrinə verdikləri dəyər onların tarixə çevrilməsini təmin edib. O əlavə edib ki, Ulu öndər Heydər Əliyevin ziyalılara hər zaman diqqət göstərməsinin nəticəsidir ki, bu gün Azərbaycan elmi dünyada özünəlayiq yer tuta bilmişdir. Azərbaycanda elmin yüksəlişinin məhz Ümummilli liderin adı ilə bağlı olduğunu deyib. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradılması milli fikir və milli ruhun formalaşmasında mühüm rol oynadığını söyləyib. Məruzəçi həmçinin, Şəki Regional Elmi Mərkəzin 50 illik fəaliyyəti və istiqamətləri,  əldə edilən nailiyyətlər və onların işıqlandırılması ilə bağlı geniş məlumat verib.

Şəki Regional Elmi Mərkəzin “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dos. Kamil Adışirinov çıxışında Heydər Əliyevin ədəbiyyata olan diqqət və qayğısından, xüsusilə, Şəki ədəbi mühitinin inkişafında Heydər Əliyevin müstəsna rolunun olmasından, onun Şəki mətbuatına və teatrına  göstərdiyi dəstəkdən geniş danışıb. Bu siyasətin davamı kimi ölkə başçısı, Prezident İlham Əliyevin Şəkiyə qayğısının nümunəsi kimi İpək Yolu Festivalının məhz Şəkidə keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki sektorunun baş məsləhətçisi  Elxan Abdullayev çıxış edərək bildirib ki, elm və təhsil qoşa qanad kimidir, bunları bir-birindən ayırmaq olmaz. Bu gün ölkəmizdə yüksək potensiala malik gənc kadrların yetişməsi Ümummilli lider Heydər Əliyevin təhsilə və elmə olan diqqət və qayğısının nəticəsidir. Elxan Abdullayev onu da əlavə edib ki, Şəki Regional Elmi Mərkəzin 50 illiyi Şəkimiz üçün böyük bayramdır, o, bu münasibətlə Şəki REM-i təbrik edib, iki müəssisə arasında bugünəqədər mövcud olan əməkdaşlığın bundan sonra da davamlı olacağına inamını bildirib.

AMEA Gəncə Bölməsi Aqrar Problemlər İnstitutunun əməkdaşı aqrar elmlər üzrə fəlsəfə doktoru Aygün Babayeva Heydər Əliyevin aqrar sahəyə diqqətini və bu qayğının bu gün İlham Əliyev tərəfindən davam etdirildiyini nəzərə çatdırıb.

AMEA Mərkəzi Elmi Kitabxananın “İnnovativ layihələr və metodiki təminat” şöbəsinin müdiri Səyyarə Məmmədova çıxışında əlli yaşın bir hesabat dövrü olduğunu və bu konfransın bir növ hesabat xarakteri daşıdığını qeyd edib. O, “Heydər Əliyevin müdrik kəlamları” əsasında hazırlanmış elektron diski Şəki Regional Elmi Mərkəzə hədiyyə edib.

AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki ElmiTədqiqat Bazasının müdiri Coşqun Məmmədov Genetik Ehtiyatlar İnstitutunun direktoru, akademik Zeynal Əkpərovun salam və təbrikini çatdırıb. O, uzun illər Şəki Regional Elmi Mərkəzdə çalışdığını söyləyib, bu müəssisənin elmi nailiyyətlərinin təkcə Azərbaycanda deyil, həm də ölkəmizin hüdudlarından kənarda işıqlandırıldığını əlavə edib.

Konfrans onlayn platforma bölməsi üzrə işini davam etdirir.