AMEA-nın Şəki Regional Elmi Mərkəzində 17 Noyabr Milli Dirçəliş Günü qeyd edilib
Noy 17, 2023 | 07:00
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Şəki Regional Elmi Mərkəzin direktoru, f.ü.f.d., dos. Yusif Şükürlü xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadığını qeyd edib. O, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinin Ulu Öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil etdiyini, son 17 ildə ölkəmizdə həyata keçirilən siyasi kursun mahiyyətində məhz bu amilin dayandığını, Prezident İlham Əliyevin dərin məzmunlu və çoxşaxəli siyasi kursu ilə müstəqilliyimizin daha da möhkəmləndirildiyini vurğulayıb.
Sonra Landşaftşünaslıq şöbəsinin rəhbəri geo.üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəyli çıxış edərək bildirib ki, 1988-ci ildə Bakının mərkəzində Azadlıq Meydanına axışan xalq kütlələri 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, xalqımız azad olmağa layiqdir. O, qüdrətli xalq hərəkatının əzəmətinin Respublikamızın bütün şəhər və rayonlarını bürüdüyünü qeyd edib. Hüseyn Mustafabəyli əlavə edib ki, dekabrın 4-dək davam edən mitinqlər SSRİ-də ən iri miqyaslı kütləvi etiraz aksiyası idi.
Daha sonra Şəki Regional Elmi Mərkəzin Elmi katibi Vəfa Atayeva “Tariximizin şanlı səhifəsi - 17 Noyabr” mövzusu üzrə çıxış edib. Məruzəçi 17 Noyabr tarixinin xalqımızın birliyinin, yenilməzliyinin, iradəsinin sübutu günü olduğunu qeyd edib. Ali Baş Komandan İlham Əliyev və müzəffər ordumuz sayəsində artıq üç ildir ki, Milli Dirçəliş Gününün düşmən əsarətindən azad edilən torpaqlarımızda qeyd edilməsinin bu yenilməzliyin ən bariz nümunəsi olduğunu əlavə edib.
Sonda “Azərbaycan Milli Azadlıq Hərəkatı” adlı videoçarx nümayiş etdirilib.