AMEA - nın Şəki Regional Elmi Mərkəzində illik hesabatların dinlənməsinə başlanıb
Noy 15, 2023 | 12:00

15 noyabr 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Ekoloji coğrafiya” və “Landşaftşünaslıq” şöbələrinin elmi işçilərinin 2023-cü il üzrə fərdi hesabatları dinlənilib. Əvvəlcə “Landşaftşünaslıq” şöbəsinin  elmi işçisi Murad  Qəhrəmanov “Azərbaycanın şimal-qərb bölgəsinin landşaft qurşaqlarında intensivləşməkdə olan səhralaşmanın biogeokimyəvi üsullarla tədqiqi” mövzusunda  hesabat verib. O, Oğuz rayonu ərazisində təbii, antropogen və fitosenoz təsirlər nəticəsində baş verən səhralaşma prosesinin sürətlənməsi, ifrat otarılma və təsərrüfat işlərinin aparılması  nəticəsində bitki örtüyünün tamamilə sıradan çıxması haqqında nəticələri, həmçinin tədqiq olunan ərazidən torpaq və gil nümunələrinin kimyəvi analizlərindən alınan nəticələri təqdim edib.  

Daha sonra “Ekoloji coğrafiya” şöbəsinin hesabatı dinlənilib. Sözügedən şöbənin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev “Azərbaycanın şimal-qərb bölgəsinin ekosisteminə dair tədqiqatların aparılması, ekoturizm potensialından səmərəli istifadənin yollarının müəyyənləşdirilməsi” mövzusunda hesabat verib. O, Oğuz rayonunun Daşağıl çayının sahilboyu ətraf ərazilərində, eyni zamanda Yaqublu, Bucaq, Muxas, Baş Daşağıl kəndlərinin ətraf ərazilərində, həmçinin Şəki rayonu Kiş kəndinin Damarçın qolu ərazisində aparılan monitorinqlər əsasında təbii və antropogen təsirlər nəticəsində xətti və səthi eroziya proseslərinin aktivləşməsinin təyin edildiyini qeyd edib. O, həmçinin Kiş çayı ərazisində ekoturuzm potensialının öyrənilməsi istiqamətində 2023-cü ilin ən mühüm nəticəsi olan Kiş çayının Damarçın qolu üzərindəki Xudgər və Meşəbaşı şəlalələri haqqında məlumatların ayrı-ayrı vaxtlarda “Vikipediya” azad ensiklopediyasına daxil edildiyini vurğulayıb.

“Ekoloji coğrafiya” şöbəsinin elmi işçisi Aygün İsmayılova “Oğuz rayonunun ekosisteminə dair tədqiqatların aparılması və rayonda ekoturizm potensialından səmərəli istifadənin yollarının müəyyənləşdirilməsi” mövzusu üzrə hesabat verib.

Hər iki şöbənin əməkdaşları bildiriblər ki, əldə olunan mühüm nəticələr müxtəlif yerli və beynəlxalq elmi dərgilərdə nəşr olunub.