Noy 07, 2023 | 05:00
07 noyabr 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin akt zalında şəhid ailələri ilə görüş keçirilib.
Tədbirdə Şəki Regional Elmi Mərkəzin əməkdaşları, şəhid ailələri iştirak ediblər.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, f.ü.f.d., dos. Yusif Şükürlü tədbir iştirakçılarını salamlayıb, Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkənin hər yerində şəhid ailələrinə daim diqqət və qayğı göstərilir. Həmçinin şəhid ailələrinin hüquqlarını müdafiə etmək, onların sosial-iqtisadi və mənəvi problemlərinin daha səmərəli həllinə köməklik göstərmək məqsədilə “Yaşat” Fondunun və yerli icra hakimiyyəti orqanlarının strukturlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin yaradılmasının, şöbə müdirinin və böyük məsləhətçinin də qazilərin arasından seçilməsinin şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının bariz nümunəsi olduğunu vurğulayıb.
Sonra Zəfər yolunu əks etdirən videoçarx nümayiş etdirilib.
Daha sonra Şəki Regional Elmi Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfova “Mən şəhid oldum ki Vətən yaşasın” mövzusunda çıxış edib. Natiq çıxışında Vətənin azadlığı, bölünməzliyi, bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsinin xalqımız tərəfindən heç vaxt unudulmayacağını qeyd edib. O, müəllifi olduğu Vətən, şəhidlik zirvəsi, möhtəşəm Zəfər mövzularını əks etdirən “Mən Vətənəm”, “Vətən”, “Vətən qartalı” adlı şeirləri səsləndirib.
Tədbirin sonunda şəhid ailələrinə söz verilib.